Heydər Əliyev Fondunun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisi layihəsi ilk dəfə Kann şəhərində nümayiş olunub. Azərbaycan xalçalarını görəndə heyran oldum. Sərgini hər gün ziyarət edir və hər dəfə yeni bir şey kəşf edirdim. Getdikcə xalçalara daha da bağlanırdım.
Bu sözləri Heydər Əliyev Fondu tərəfindən UNESKO-nun baş qərargahında təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərginin ziyarətçisi, Kann şəhər sakini Filip Jüj AZƏRTAC-a müsahibəsində deyib.
“Azərbaycan xalçalarını görəndə heyranlığımı gizlədə bilmədim. Hər gün sərgiyə gəlirdim. Xalçalarla daha yaxından tanış olmağa başladım və beləliklə, xalça dünyasına qərq oldum. Hiss edirdim ki, xalçaya məhəbbətim, marağım artır. Belə gözəlliyi özüm yaratmaq fikrinə düşdüm və Azərbaycana getdim. Azərbaycan xalçalarından ruhlanaraq xalça toxumaq öyrəndim”, -deyə F.Jüj bildirib.
F.Jüj Azərbaycana gəlişi, xalça toxumaq stajı keçməsindən söz açaraq, xalça rəssamı Eldar Mikayılzadə ilə görüşündən, Şəkiyə səfərindən, Xan sarayı ilə tanışlığından danışıb. Qeyd edib ki, xalça sənətinin sirlərini öyrənmək üçün yenidən ölkəmizə gəlmək istəyir. Evində qurduğu xalça dəzgahından danışaraq, toxuduğu 2 xalçanı göstərib. Yeni daha gözəl xalçalar toxuyacağını diqqətə çatdırıb.