Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
İki min illik qəbiristanlığın kəşfi Ekvadorun uzaq keçmişinə işıq salır
18.07.2023

Ekvadorun paytaxtı Kito şəhərində Kolumbdan əvvəlki epoxaya aid qədim qəbiristanlığın tapılması, təxminən 2 min il əvvəl bu bölgədə məskunlaşmış insan məskənlərindən xəbər verir.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, tapılan keramik qablar və daşla oyulmuş dekorativ əşyalar Kitonun şimalındakı Liano Çiko bölgəsində əkin sahələrinin altında basdırılıb.

Metropolitan İrs İnstitutunun (Mİİ) arxeoloqları tərəfindən aşkarlanan tapıntılar arasında bir sıra məzarlar var, həmin məzarlıqların əksəriyyətində dəfn edilmiş bu insanların gündəlik həyatlarında istifadə etdikləri əşyaları da yer alır.

Mİİ-nin arxeoloqlarından olan Andres Mosqueranın məlumatına əsasən, qəbiristanlıq hazırda Ekvadorun paytaxtının əsas arxeoloji ərazilərindən biridir. Qədim qəbiristanlıq Piçinça vulkanının püskürməsi nəticəsində kül təbəqəsi ilə örtülüb.

Arxeoloq əlavə edib ki, mütəxəssislər qəbirlərin içərisindəki cəsədlərin Kolumbdan əvvəlki dövrü əhatə edən qəbiristanlıqlar üçün xarakterik olan əyilmiş vəziyyətdə basdırıldığını müşahidə ediblər: “Qəbiristanlıqda tapılan qəbirlər fərqlərə görə xüsusilə diqqəti çəkir, bu xüsusiyyət həmin cəmiyyətin sosial bərabərsizliyini ortaya qoyur. Bəzi qəbirlərdə çoxlu qablar və bəzək əşyaları olsa da, digərləri isə boş idi. Tapıntılar arasında üçayaqlı, kürəşəkilli qablar, həmçinin insan və ya heyvan formalarını əks etdirən keramik qablar, o cümlədən heykəlciklər, bir çox bəzək əşyaları var”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, arxeoloqlar tapılan qədim qəbiristanlıq ərazisində yaxın aylarda daha çox tədqiqat aparmağı planlayırlar.

Oxşar Xəbərlər

    ×