İyulun 18-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə həyata keçiriləcək.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, qeyd olunmuş istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçiriləcək görüşdə Xalq artisti Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək.
Tədbir müddətində, həmçinin “Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətində milli teatr sənətinin inkişaf perspektivləri”, “Teatr yaradıcılığında Heydər Əliyev fenomeni” və “Peşəkar aktyorluq sənətinin müasir Azərbaycan gəncliyinin maarifləndirilməsi istiqamətində effektiv təbliği və əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsində istedadlı musiqiçilərin ifasında xalq mahnıları və təsniflər səsləndiriləcək.