Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə Məlikovanın sədrliyi ilə Elmi Bərpa Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda “Qrafika, rəngkarlıq və Tətbiqi incəsənət” şöbəsinin işi müzakirə edilib.
Gündəliyə əsasən, Azərbaycan Milli İncəsənət Muzeyi, Şəki şəhəri M.F.Axundzadənin e-muzeyi, Bərdə Tarix-Diyarşünaslıq Muzeyi və Bərdə Rəsm Qalereyasından mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib.
Sonra C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası, Şabran Tarix-Diyarşünaslıq Muzeyi və Quba Tarix-Diyarşünaslıq Muzeyindən bərpa məqsədilə mərkəzə daxil olan eksponatlar üzərində görüləcək işlər haqqında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.