Rusiya Bankı rok musiqiçi, “Kino” qrupunun yaradıcısı Viktor Tsoya həsr olunmuş xatirə sikkəsini dövriyyəyə buraxıb.
AZƏRTAC Rusiya Bankının mətbuat xidmətinə istinadla xəbər verir ki, 3 rubl nominalında “Tvorçestvo Viktora Tsoya” sikkəsi 925 əyar gümüşdən hazırlanıb. Bununla yanaşı, 39 millimetr diametrli dairəvi sikkə 5 min ədəd sayla “pruf” keyfiyyətindədir.
Tsoyun portretinin relyef təsviri sikkənin arxa tərəfində yerləşir. Musiqiçi gitara və simvolik alov fonunda mikrofonla təsvir edilib. Sikkənin üzərində “Viktor Tsoy” yazısı, artistin anadan olduğu və vəfat etdiyi illər: “1962” və “1990” yazılıb.
Viktor Tsoy – sovet rok-musiqiçisi, müğənni, gitara ifaçısı və mahnıların müəllifi, “Kino” rok qrupunun yaradıcısı və solistidir. Bundan başqa, Tsoy yenidənqurma dövrünün məşhur “Assa” və “İynə” filmlərində oynayaraq, kinoda ifa etdiyi rollar sayəsində də məşhurlaşıb.