Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” elmi publisistik informasiya jurnalının 24-cü nömrəsi çapdan çıxıb.
Baş redaktoru Vüqar Hümbətov olan jurnalda, akademiyanın müəllim və tələbələrinin məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Həbibə Məmmədova, Nərgiz Hüseynova, Turan Məmmədəliyeva, Yavər Neymətli, BMA-nın əməkdaşları Röya Hüseynova, Ofeliya İsgəndərova, Könül Əhmədova, İlahə İsrafilovanın qələmindən çıxan və 2019-cu ilin noyabr-dekabr aylarını əhatə edən ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılıb. Ənənəyə sadiq olaraq jurnalda təhsil, incəsənət, tədbirlər, nailiyyətlər, qonaqlar, ustad dərsləri, festivallar və yeni layihələr haqqında xəbərlər dərc olunub.
Oxucular jurnalı vərəqləyərkən önəmli tədbirlər silsiləsindən, birinci orqan festivalı, ulu öndər Heydər Əliyevə həsr olunmuş anım tədbirləri, “LoLa” proyekti, Azərbaycan Vokalçıları Festivalı, Cəfər Cabbarlının 120, Əminə Dilbazinin 100, Rafiq Quliyevin 85, Yalçın Adıgözəlovun 60 və digər görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı məqalə və tədbirlər, həmçinin Məhəmməd Əmin Rəsuzadənin 100 illik tarının bərpası ilə bağlı təqdimat-seminar, Vaqif Mustafazadəyə və Arif Məlikova həsr olunmuş anım tədbirləri, Azərbaycan - Çili beynəlxalq seminarı, хarici qonaqların BMA-ya səfəri, müəllim və tələbələrin uğurları, yeni layihələr və BMA-nın nailiyyətlərini əks etdirən başqa yazılardan xəbərdar olacaqlar. Jurnalın üz səhifəsi Bakı Musiqi Akademiyasındakı orqan alətinin 55 illiyinə həsr olunub.