Sentyabrın 29-da İstanbuldakı “Humanist Kitab evi” mərkəzində azərbaycanlı müəllif İranə Qasımovanın “Kino lirika” poetik ifası olacaq. Şairə musiqinin və məşhur filmlərdən kadrların müşayiəti ilə öz şeirlərini söyləyəcək.
İranə Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, həmçinin öz pyesi əsasında hazırlanmış “Qadınlar nə istəyir?” satirik tamaşasının quruluşçu rejissoru, ssenarist, habelə “Kişi və qadın” poetik tamaşasında baş rolun ifaçısıdır. Şairə, eyni zamanda, “İranə Qasımova ilə poeziya klassikası”, “Poetry battle with Irana Kasimova”, “İranə Qasımova ilə açıq mikrofon” populyar layihələrinə müəlliflik edir.
Şairə AZƏRTAC-a açıqlamasında “Kino lirika” layihəsindən ətraflı bəhs edib: “Məhəbbət haqqında lirik şeir yazdığım vaxt məndə bu poetik ifa ideyası yarandı və dərhal Patrik Sueyzinin iştirakı ilə “Ruh” filmindən təsiredici kadrları xatırladım. Düşündüm ki, effekti artırmaq üçün əlavə vasitələrdən istifadə etmək olar. Axı hissiyyat orqanları çox olduqca, şeirin təsiri də daha güclü alınır. Hərçənd, sonradan bəzi tamaşaçılar müraciət edərək bildirdilər ki, filmin kadrları onlara şeirin mənasını tam dərk etməyə mane olur və təxəyyüllərini canlandıra bilmirlər. Belə olan halda, mən onlara şeiri ekrana baxmadan gözüyumulu dinləməyi tövsiyə edirəm. Əgər ekran əsəri diqqəti yayındırırsa, onda diqqəti onun üzərində cəmləşdirmək lazım deyil. Amma xoşdur ki, çoxları bu layihəni bəyəndi. Ona görə də onu davam etdirirəm””.
Layihə Bakı ilə yanaşı, Tbilisi, Moskva və Sankt-Peterburqda da təqdim edilib, hər yerdə tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.