Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Yeni nəşr: “Gələcəyin kimyası”
05.02.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev və elmi müəssisənin laboratoriya müdiri, kimya elmləri doktoru, professor Asif Məmmədovun həmmüəllifi olduqları “Gələcəyin kimyası” kitabı çapdan çıxıb.

İnstitutdan bildirilib ki, kimyanın yaxın gələcəkdə və daha uzaq dövr üçün perspektiv inkişaf istiqamətlərinə həsr olunmuş əsər Azərbaycan dilində ilk dəfə nəşr edilib. Kitabda kimyanın və kimya ilə bağlı fizika, biologiya elmlərinin yeni nailiyyətlərinə, o cümlədən son illərdə Nobel mükafatına layiq görülən tədqiqatlara əsaslanaraq kimyanın inkişafının strateji istiqamətləri öz əksini tapıb.

Nəşrdə kompozitlər, supramolekullar, molekulyar maşınlar, topolojı izolyatorlar, biosensorlar, litium ion batareyaları haqqında məlumat verilir. Molekulyar və qeyri-molekulyar təbiətli birləşmələrin quruluşu, kimyəvi rabitələrin kvant təbiəti, çevrilmələrin femtozaman və nanoölçü miqyaslarında metadinamikasının mexanizmi izah edilir, kimyəvi maddələrin quruluşu və kimyəvi reaksiyalar estetik mövqedən – “gözəl kimya” mövqeyindən təqdim edilir. Kitabın mühüm cəhətlərindən biri də odur ki, mövzular yığcam şəkildə təqdim edilir, izahlar daha asan başa düşüləndir və elmin populyarlaşdırılması baxımından dəyərli bir əsərdir.

Yeni nəşr elmi işçilər, doktorant, magistr və tələbələr üçün nəzərdə tutulub. Kitab elmi-populyar forma və məzmunda yazıldığından daha geniş oxucu kütləsi tərəfindən də istifadə oluna bilər.

 
Oxşar Xəbərlər

    ×