Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə tədbir təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Zəfər tariximizdən, torpaqlarımızın azad edilməsində misilsiz igidlik, vətənpərvərlik nümayiş etdirən Vətən müharibəsi qəhrəmanlarının göstərdikləri şücaət və fədakarlıqdan söhbət açılıb.
Anım Günü tədbirində kitabxanada hazırlanan silsilə materiallar – “44 Günlük İkinci Qarabağ müharibəsi” adlı biblioqrafik göstərici, “Şəhidlər ölməz, Vətən bölünməz” adlı videomaterial və kitab sərgisi nümayiş olunub.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Şəhidlər ölməz, Vətən bölünməz” adlı videomaterialda 44 günlük Vətən müharibəsi hadisələrinin xronikası, döyüş meydanında, informasiya məkanında aparılan mübarizə haqqında məlumatlar təqdim edilir. Materialda müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, Vətən müharibəsi qəhrəmanlarının, geri qaytarılmış əzəli Azərbaycan torpaqlarında dövlətimizin, Qələbənin simvolu olan Azərbaycan Bayrağının sancılması, “Böyük qayıdışın”, yenidənqurma işlərinin foto və videogörüntüləri əks olunur.
“44 günlük İkinci Qarabağ müharibəsi” adlı biblioqrafik göstəricidə Azərbaycan tarixinin ən parlaq və şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi haqqında 2020-ci ildən bu günə qədər yazılan 56 adda (42 Azərbaycan, 6 türk, 5 rus, 3 ingilis dilində) elmi, siyasi, tarixi, publisistik, bədii kitabların şəkilləri və annotasiyalı biblioqrafik təsvirləri, rəsmi sənədlər, dövri mətbuatda çıxan məqalələrin təsvirləri, Vətən müharibəsinə dair şeirlər toplanıb. Kitab təsvirləri dillər üzrə, daxildə əlifba ardıcıllığı ilə təqdim edilir. Vəsaitdə İkinci Qarabağ müharibəsinə həsr olunmuş “Müzəffər Ordunun qalib igidləri”, “44 gün" zəfərə doğru”, “Vətən aşiqləri”, “İkinci Qarabağ müharibəsi: Zəfər salnaməsi”, “Sən azadsan!”, “44 günlük diplomatiya dərsləri”, “Əziz Şuşa! Biz qayıtmışıq”, “Qanları ilə dastan yazanlar”, “Vatan savaşı tarihi”, “Vatan Savaşı ve ya “Demir Yumruk” Operasyonu”, “История Отечественной войны. Фактор личности”, “Уроки дипломатии длиною в 44 дня”, “The history of the Patriotic War. Personality factor” kimi Azərbaycan, türk, rus və ingilis dilində olan kitabların biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.
Qeyd edək ki, Prezidentin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın bariz nümunəsidir.