Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli Kitabxanada Turan Cavidə həsr olunmuş virtual sərgi hazırlanıb
02.10.2023

Bu il Turan Cavidin anadan olmasının 100 illik yubileyi qeyd olunur. Bu münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Turan Cavid” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Turan Cavid haqqında məqalələr, kitablar, tərtib etdiyi kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turan_Cavid/index.htm linkindən istifadə edə bilər.

Qeyd edək ki, Turan Cavid 1923-cü il oktyabrın 2-də dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin ailəsində dünyaya gəlib.

O, 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsində təhsil alıb, həmin institutda müəllim kimi saxlanılıb, 1950-1983-cü illərdə “Azərbaycan teatr tarixi”ndən mühazirələr oxuyub. 1968-ci ildə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi və 1968-1991-ci illərdə direktor vəzifələrində çalışıb. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru olub.

O, ölməz şairin irsini qoruyub gələcək nəsillərə çatdırmaq, Cavidlər ailəsinin xatirəsini əbədiləşdirmək kimi böyük missiyanı üzərinə götürərək bu vəzifənin öhdəsindən şərəflə gəlib. Turan Cavid ədibin ev-muzeyinin qurucusu, əsərlərinin naşiri kimi öz övladlıq borcunu layiqincə yerinə yetirib. O, Cavidin Azərbaycan ədəbiyyatını zənginləşdirən ölməz əsərlərinin son mükəmməl nəşrini hazırlayaraq, Cavidə, onun ailəsinə məxsus əşyaları, sənədləri illərin sınağından çıxarıb ev-muzeyinə təhvil verməklə Azərbaycan xalqına qiymətli miras qoyub. Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində H.Cavidin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkib.

Turan Cavid 2004-cü il sentyabrın 12-də vəfat edib və Naxçıvanda Cavidlərin uyuduğu məqbərədə dəfn olunub.

Oxşar Xəbərlər

    ×