Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul olunub
10.10.2023

Bakıda “Dayanıqlı, Yaşanılabilən və Təsirlərə davamlı İrs şəhərlərinə doğru” adlı plenar sessiya keçirilib

Oktyabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Dayanıqlı, Yaşanılabilən və Təsirlərə davamlı İrs şəhərlərinə doğru” adlı plenar sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Elsevər Məmmədovun moderatorluğu ilə keçən plenar sessiyada əvvəlcə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva İçərişəhərdə tarixi irsin qorunması ilə bağlı həyata keçirilən işlər və gələcək planlar haqqında məlumat verib. Qeyd edib ki, hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul olunub.

Sessiyada digər çıxış edənlər - Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura təşkilatının vitse-prezidenti Riin Alatalu, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Pakistanda Lahor Tarixi Qala Şəhərinin baş direktoru Kamran Laşari və Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO) təşkilatının icraçı direktoru Yuliya Pagel tarixi abidələr haqqında məlumat verərək, abidələrin qorunması istiqamətində həyata keçirilən işlərdən danışılıb. Abidələrin əvvəlki və sonrakı dövrünü əks etdirən fotolar nümayiş olunub.

Natiqlər diqqətə çatdırıb ki, tarixi-mədəni irsin qorunması cəmiyyətimiz üçün önəmli məsələlərdəndir. Bu sahədə dünyada bir sıra tədbirlər həyata keçirilir.

Həmçinin son illərdə baş verən iqlim dəyişikliklərinin də mədəni irsə öz təsirini göstərdiyi vurğulanıb. Mədəni irsin qorunması və davamlılığının artırılması üçün bir çox analitik texnikaların olduğu qeyd edilib.

Sessiyada Azərbaycanın mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən də söhbət açılıb. Qeyd edilib ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır və bu şəhər bir çox şairlərin, bəstəkarların vətəni olub. Ermənistan tərəfindən həmin ərazilər 30 il ərzində işğal altında saxlanılıb, bu müddət ərzində bütün infrastruktur, o cümlədən tarixi, mədəni və dini irs vandalizmə məruz qalıb, talan edilib. Ordumuzun tarixi Zəfərindən sonra işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş bərpa və quruculuq işlərinə başlanılıb. Hazırda Şuşada mədəni irsin bərpası istiqamətində davamlı iş aparılır. Bir sıra tarixi, dini abidələrin və muzeylərin bərpası artıq başa çatdırılıb.

Sessiyada, həmçinin muzeylərin mədəni həyatın modernləşdirilməsi proseslərində mühüm rol oynadığı qeyd edilib. Vurğulanıb ki, muzeylərdə qorunan tariximizin yadigarlarının gənc nəsildə əhatəli bilik, dünyagörüşü yaratması üçün bütün imkanlar səfərbər olunmalıdır.

Panelin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Oxşar Xəbərlər

    ×