Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
ABŞ-da Cəmilə Cavadova-Şpitsberqin orqan musiqisi konserti olacaq
24.10.2023

Tanınmış azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Şpitsberq oktyabrın 24-də Amerikanın Lyuiston şəhərində Müqəddəs Pyotr və Pavel Bazilikasında çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, tədbir ABŞ-ın Men ştatının Azərbaycan icması tərəfindən “Dünyanın hər bir yerindən orqan musiqisi” layihəsi çərçivəsində təşkil olunub. Konsertə giriş sərbəstdir.

Əslən Bakıdan olan Cəmilə Cavadova-Şpitsberq beynəlxalq səviyyəli orqan ifaçısı, klavişçi və pedaqoqdur. O, Arlinqtondakı (Yuta ştatı) Texas Universitetinin dosenti və Arlinqtonda Birinci Birləşmiş Metodist Kilsəsinin baş orqançısıdır. Cəmilə Cavadova-Şpitsberq ABŞ, MDB ölkələri və Qərbi Avropanın, o cümlədən Niderland, Almaniya, Fransa, Danimarka, Çexiya və İngiltərənin konsert meydançalarında, 2018-ci ildə Vaşinqton Milli Kilsəsində çıxış edib.

“Biz Men ştatının bütün sakinləri arasında mədəniyyətlərarası mübadiləyə kömək və icmamızın müxtəlifliyinin tanınması üzrə missiyamız çərçivəsində Cavadova-Şpitsberqin gözəl musiqisini Men ştatının sakinlərinə pulsuz təqdim etməyə çox şadıq”, - deyə Men ştatının Azərbaycan icmasının prezidenti Tərlan Əhmədov qeyd edib.

Cəmilə Cavadova-Şpitsberq Azərbaycan-Amerika Musiqi Fondunu – Azərbaycan və ABŞ arasında “klassik musiqi körpüsü”nün qurulması ilə məşğul olan qeyri-kommersiya təşkilatını yaradıb.

Men ştatının Azərbaycan icması 2019-cu ildə yaradılıb, konsertlər, dini mərasimlər və digər tədbirlər vasitəsilə ştatın bütün sakinləri arasında mədəniyyətlərarası mübadiləyə yardım edir. İcma fərdi və qrup dəstəyi vasitəsilə ştatın yeni sakinlərinin inteqrasiyasına kömək edir, maarifləndirici proqramlar vasitəsilə cəmiyyətin dayanıqlığını yüksəltməyə çalışır, Men ştatının bütün əhalisinin sağlamlığını və rifahını yaxşılaşdırmağa şərait yaradan xidmətlər və proqramlar haqqında məlumatlılıq səviyyəsini artırır.

Oxşar Xəbərlər

    ×