Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Bakıda avtomobil idmanı sahəsində mükafatlandırma mərasimi keçiriləcək
30.10.2023

Dekabrın 5-8-də Bakıda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının iclasları və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan mükafatlandırma mərasimi ("FIA Prize-Giving Ceremony") keçiriləcək.

Bu barədə Reporta FIA-dan bildirilib.

Bundan başqa, məlumata görə, həmin dövrdə paytaxtda FIA Fondunun (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyasının iclasları təşkil olunacaq.

Bakının bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilmiş iclasında qəbul olunub. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparıb. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.

FIA Baş Assambleyalarının iclasları və Mükafatlandırma mərasimi zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcəklər.

İllik və yaxud növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

Mükafatlandırma mərasimi isə avtomobil idmanı üzrə mötəbər tədbirlərdən biri sayılır. 2011-ci ildən keçirilən bu mərasim FIA Baş Assambleyasının yekununda təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilir.

Oxşar Xəbərlər

    ×