Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanov yaradıcılığının 70 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi bəstəkarın Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb
Bildirib ki, Tofiq Bakıxanovun tar və kamança üçün bəstələdiyi çoxsaylı musiqi əsərləri var: “Tofiq müəllim musiqi tariximizə böyük töhfələr verən sənətkardır”.
Musiqişünas-pedaqoq, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Tofiq Bakıxanovun əsərlərindən söz açaraq deyib ki, o, bizim üçün canlı tarixdir. Tarixin mahiyyətini bədii əsərlər daha doğru verir. Keçmiş dövrün musiqilərini də dinləyəndə tarixi faktları görürük və gizli məqamları hiss edirik. Tofiq Bakıxanovun musiqisində də bu incə detalları görmək mümkündür. “Onun “Xəzər Balladası” baleti XX əsr neft sənayesi dövründə yazılan ən dəyərli musiqi nümunəsidir. 1960-cı illərin sonunda Fransadan və digər ölkələrdən məşhur rəqs festivallarından biri üçün balet əsərləri seçməyə gəlmişdilər. “Xəzər balladası”na baxanda heyran qalmışdılar. Bu balet Parisdə rəqs festivalında nümayiş olundu və sintetik quruluşuna, mövzusuna və musiqisinə görə böyük uğur qazandı. Fransanın bir çox şəhərlərində də səhnəyə qoyuldu. Tofiq müəllim həm də bizim çox da üzdə olmayan muğam nümunələrimizi simfonikləşdirib”, - deyə Əməkdar incəsənət xadimi bildirib.
Bildirilib ki, bu gün Tofiq Bakıxanov yaradıcılığı kamillik zirvəsindədir. O, mahir ifaçı, bəstəkar olmaqla yanaşı, həm də görkəmli pedaqoqdur. Musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadimdir.
Tofiq müəllimi yaradıcılığının 70 illiyi münasibətilə təbrik edənlər ona ən xoş arzularını bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.