Bakıda Argentina səfirliyinin təşkilatçılığı ilə II Latın Amerikası Filmləri Festivalı çərçivəsində növbəti filmin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, nümayişdən əvvəl qonaqları salamlayan Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi Argentina-İspaniya ortaq istehsalı olan “Gözlərindəki sirr” adlı film haqqında qonaqlara qısa məlumat verib.
Bildirilib ki, 2009-cu ildə dram janrında çəkilmiş ekran əsərinin rejissoru Xuan Xose Kampanelladır. Film argentinalı yazıçı Eduardo Saçerinin eyniadlı romanı əsasında ekranlaşdırılıb. Yazıçı romanın film ssenarisinə uyğunlaşdırılmasında yaxından iştirak etdiyi üçün filmin ssenarisi və əsər arasında sıx əlaqə var.
Qeyd edilib ki, Argentina və İspaniyanın birgə istehsalı olan film iki milyon yarımdan çox tamaşaçı ilə 2009-cu ilin ən uğurlu və ən yüksək gəlir əldə edən filmlərdən biri olub. Bu ekran əsəri 2010-cu ildə “La historia oficial” (1985) filmindən sonra ən yaxşı xarici film nominasiyasında Oskar qazanan ikinci Argentina filmidir.
Diqqətə çatdırılıb ki, “Gözlərindəki sirr” roman bu yaxınlarda Argentina Respublikasının Tərcümələrə Dəstək “Cənub proqramı” çərçivəsində Azərbaycan dilinə tərcümə edilərək “Qanun” nəşriyyatında çap olunub.
Sonra film nümayiş edilib.
Xatırladaq ki, noyabrın 25-dək davam edəcək II Latın Amerikası Filmləri Festivalı çərçivəsində Braziliya, Çili, Kuba, Kolumbiya, Venesuela və Argentina filmlərinin nümayişi nəzərdə tutulub.