Bakı Ekspo Mərkəzində noyabrın 11-də açılışı olacaq 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Sərgidə 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli noyabrın 7-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, Təşkilat Komitəsi tərəfindən Xalq yazıçısı Afaq Məsud və tanınmış şair Şəhriyar Del Gerani 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib. 2019-cu il üzrə Buker mükafatının (Man Booker Prize for Fiction) laureatı Coxa əl-Harsi (Jokha Alharthi) 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.
“Sərgi çərçivəsində fəxri yazarların və fəxri qonaq Coxa əl-Harsinin iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər təşkil olunacaq. Sərgidə Azərbaycanın xalq yazıçıları, şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar iştirak edəcəklər”, - deyə A.Marifli diqqətə çatdırıb.
O əlavə edib ki, noyabrın 15-dək davam edəcək sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır.