Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr – “Ağdam Şəhəri Günü” elan olunması ilə bağlı imzaladığı Sərəncama əsasən, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən silsilə materiallar - virtual kitab sərgisi və videomaterial hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, hazırlanan materiallarda Ağdam rayonunun yaranma tarixi, gözəl təbiəti, Cümə məscidi, Şahbulaq qalası, Qutlu Musa və Pənahəli xanın türbəsi kimi tarixi memarlıq abidələri, dünyada ikinci olan Çörək muzeyi haqqında məlumat verilir.
Materiallarda Ağdam rayonunun erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları-tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Ağdamın “ruhlar şəhəri”nə çevrilməsi faktları işıqlandırılır. Azərbaycanın əzəli torpağı olan Ağdam şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması haqqında geniş məlumat verilir. Videomaterialda bu gün Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən, yeni infrastrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılmasından bəhs edilir.
Virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Ölümü fəth edənlər”, “Ağdam rayonu və onun toponimiyası”, “Ağdamım mənim”, “Ağdam rayonu dialektlərinin toplanılması və linqvistik təhlili” kimi 10-dan çox kitabın qısa annotasiyası və dövrü mətbuat nümunələrinin görüntüləri yer alıb.
20 noyabr – “Ağdam Şəhəri Günü” ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.