Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin elmi müəssisələrində ötən il səkkiz elmi istiqamətin 33 problemi üzrə 132 mövzu, 305 iş, 272 mərhələnin üzərində elmi-tədqiqat işləri aparılıb, 45 mövzu, 127 iş, 212 mərhələ tamamlanıb.
AMEA-dan bildiriblər ki, bölmənin əməkdaşları 12 dövlət proqramının icrasında iştirak edirlər.
Hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları və strategiyaları, AMEA rəhbərinin sərəncamları, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb. Ölkə başçısının imzaladığı “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında”, “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında”, “Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında” və bir çox digər sərəncamlara əsasən, bölmənin institutlarında çoxsaylı tədbirlər keçirilib.