İsmayıl İmanzadənin imzası ötən əsrin 60-cı illərindən ədəbi ictimaiyyət arasında tanınır. O vaxtdan bəri ötən müddətdə şairin qələmindən çıxan kitablarda onun duyğularını ifadə edən qanadlı misralar oxucu ürəyinə yol tapıb. Dünyaya göz açdığı Cəbrayıla qırılmaz tellərlə bağlı olan şairin şeirlərində hər cığırı, hər dolayı ona doğma olan yerlərin mənzərəsi, şəlalənin nəğməsi, çayların şırıltısı, bulaqların zümzüməsi, yarpaqları xəzələ çevrilən meşələrin payız pərişanlığı, torağaylı çöllərin yay duyğuları, gənclik illərinin sevdası ilə yanaşı yurd sevgisi də öz əksini tapıb. Doğma torpağın işğalından sonra Mingəçevirə pənah apararaq “arzularından özünə dam tikən”, “ağrı-acısına bürünüb yatan”, “Kürü Araz, Bozdağı Diri dağ bilən” şair məcburi köçkün taleyi yaşayıb. Xalqımızın qazandığı möhtəşəm Zəfərdən sonra onun şeirlərinə nikbin ruh, qürur dolu misralar, doğma yurda qayıtmaq sevinci əlavə olunub.
AZƏRTAC xəbər verir ki, Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair İsmayıl İmanzadənin “Ömür muncuq düzümüdür”, uşaqlar üçün yazdığı “Hər çəməndən bir çiçək” və ədəbi yaradıcılığından bəhs edən məqalə və rəylərdən ibarət “Halal insanın söz halallığı” kitablarının təqdimat mərasimində bu barədə danışılıb.
Yazıçılar Birliyin katibi Elçin Hüseynbəyli, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı, şair Musa Ələkbərli və başqaları şairin yaradıcılıq məziyyətləri, indiyədək işıq üzü görən 30-dan artıq kitabı barədə bəhs ediblər. Müəllifin uşaqlar üçün yazdığı şeirlərdə sadəlik, axıcılıq, dil rəvanlığı ilə yanaşı etnoqrafik detallar xüsusilə diqqəti cəlb edir.
Çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri kimi fəaliyyət göstərən İsmayıl İmanzadənin rəhbərlik etdiyi yaradıcılıq qurumuna çoxlu istedadlı gənc cəlb etdiyini və onların yaradıcılıq məhsullarından ibarət bir neçə almanax və jurnalın çap edildiyini də vurğulayıblar.
Mərasimdə çıxış edən şair İsmayıl İmanzadə təşkilatçılara və onun yaradıcılığına yüksək dəyər verənlərə minnətdarlığını bildirib.
Doğma yurdu tərk edəndən evinin açarları ilə çıxan və onu əziz bir xatirə kimi özündə saxlayan İsmayıl İmanzadə indi yenidən ata-baba ocağına dönmək, hər daşını, qayasını, kol-kosunu yaddaşına həkk etdiyi Mərcanlı kəndində çıraq yandırmağa tələsir. Şairin özünün də dediyi kimi, axı “ömür muncuq düzümüdür, harda qırıla-qırıla...”