Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən filologiya elmləri doktoru, professor, akademik, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Dövlət mükafatı laureatı Teymur Kərimlinin 70 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bazada Teymur Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın, akademikin 70 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Qərarının və akademik Teymur Kərimlinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkür məktubunun tam mətni yerləşdirilib. Eyni zamanda, bazada Teymur Kərimlinin həyat və elmi fəaliyyəti, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, müdafiə etdiyi elmi tədqiqat işləri, tərtib etdiyi kitablar, rəhbəri və məsləhətçisi olduğu elmi tədqiqat işləri, tərcümələri, məqalələri, müsahibələri təqdim edilir.
Elektron məlumat bazasında “Klassik ədəbiyyatın müasir tədqiqatçısı”, “Klassik ədəbiyyatımızın xiridarı” kimi bölmələrlə yanaşı, akademikin Azərbaycan və rus dillərində çap olunan əsərləri, Zəfər tarixi, şanlı Qələbə mövzusunda qələmə aldığı şeirlər də yer alır. Məlumat bazasında akademikin filmoqrafiyası, video və fotoqalereyası da sərgilənir.