Noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun fəaliyyəti barədə danışıb, Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Fondun prezidenti Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun fikir və ideya mübadiləsi aparılmasında, həmçinin gənc istedadların üzə çıxmasında önəmli rol oynadığını diqqətə çatdırıb.
“British Council” təşkilatının yerli ofisinin direktoru Nərgiz Hacıyeva təşkilatın fəaliyyəti barədə məlumat verib. O, “Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı” adlı layihənin uğurla həyata keçirildiyini vurğulayıb. Bildirib ki, “Creative Spark” Birləşmiş Krallığın dəstəyi ilə ümumilikdə yeddi ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.
Art market üzrə litvalı mütəxəssis, “artXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaite yaradıcı və mədəni sənayenin yalnız gözəllik deyil, həmçinin iqtisadiyyat olduğunu deyib. O, insanların düşüncə tərzini dəyişərək, bu sahənin gəlir mənbəyinə çevirməyin vacib olduğunu söyləyib. “Azərbaycanda məhz bu ekosistem yaradılmalıdır. Eyni zamanda, bu sahənin inkişafına böyük töhfə verə biləcək bir sıra tədbirlər keçirməlidir. Mədəniyyətə yanaşma dəyişməlidir. Əlbəttə ki, biz mədəni irsimizi qorumalıyıq, eyni zamanda, yaradıcılıq sənayesini bir biznesə çevirməliyik”, - deyə o diqqətə çatdırıb.
Qırğızıstanda Yaradıcı Sənayelər Assosiasiyasının sədri Daniar Amanaliyev, ölkəsində fəaliyyət göstərən Yaradıcı sənaye parkı haqqında danışıb. Bildirib ki, kreativ iqtisadiyyat son illərdə dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından biridir. O, əlavə edib ki, sahibkarlar Yaradıcı Sənaye Parkında öz sahələrini inkişaf etdirə və genişləndirə bilirlər, bundan əlavə, onlar üçün dünya bazarına çıxış imkanı var. D.Amanaliyevin sözlərinə görə, bütün bunlar yaradıcı iqtisadiyyat sahəsində sahibkarlığın inkişafına töhfə verir.
Tədbirdə digər çıxış edənlər - Beynəlxalq Biznes və Texnologiyalar İnnovasiyaları üzrə israilli ekspert Tal Catran və Marketinq və Rəqəmsal transformasiya üzrə ekspert Fəxri Eminov kreativ sənayenin inkişafının iqtisadiyyata töhfəsi barədə danışıblar.
Eyni zamanda, sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması barədə fikir mübadiləsi aparılıb.