Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“İpək incəsənəti” layihəsinin təqdimatı olub
30.11.2023

İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində BUTALI brendinin “İpək incəsənəti” layihəsinin təqdimatı və eyniadlı sərginin açılışı olub. Layihə çərçivəsində müasir Azərbaycan rəssamlarının təsviri sənət əsərləri ipək yaylıqlara – kəlağayıya köçürülüb.  

AZƏRTAC xəbər verir ki, tanınmış Azərbaycan rəssamları, yaylıqlar üzərinə köçürülən rəsmlərin müəllifləri təqdimat mərasimində iştirak ediblər. Tədbirin qonaqları arasında isə şəhərin yaradıcı ziyalıları, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və mətbuat nümayəndələri olublar. 

Jurnalist Tatyana İvanayevanın kurator qismində çıxış etdiyi “İpək incəsənəti” layihəsi XXI əsr Azərbaycan rəssamlarına həsr olunub. Onun əsasında bu gün əsərləri ilə Azərbaycanın mədəni irsinin unikallığını ortaya çıxaran və inkişaf etdirməyə davam edən müasir rəssamların təsviri sənət yaradıcılığının təbliği məqsədi dayanır.

Layihə səkkiz rəssamı birləşdirib. Onların arasında Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü İrina Eldarova, Əməkdar rəssam Vüqar Əli, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO-nun İxtisaslaşdırılmış müəssisəsinin üzvü Milena Nəbiyeva, Rəssamlar İttifaqının üzvləri Cəmilə Həşimova, İntiqam Ağayev (Asiman), Emin Qəhrəmanov, Yusif Mirzə və Rəssamlar İttifaqının gənclər bölməsinin üzvü Səyalı Məmmədova-Qarayeva var.

Layihənin kuratoru Tatyana İvanayeva AZƏRTAC -a bu ideyanın necə yaranması və hansı işlərin görüldüyü barədə məlumat verib.

“İdeya uzun müddətdir ki, havada qalmışdı. Bu, yeni deyil - qlobal brendlərin belə layihələri var. Biz düşündük ki, bu qədər istedadlı, parlaq, qeyri-adi, bənzərsiz sənətkarlarımızın olduğunu nəzərə alaraq, niyə bunu ölkəmizdə həyata keçirməyək? Hər şeydən əvvəl biz özlüyündə bir sənət əsəri olan ipəyə keçən Azərbaycan mədəniyyətini göstərmək istədik”, - deyə T.İvanayeva əlavə edib.

Layihəyə ümumilikdə qırx üç rəsm cəlb olunub. Üslub və icra tərzinə, rəng palitrasına və mövzusuna görə çoxşaxəli olan bu tablolar Azərbaycan təsviri sənətinin rəngarəngliyini, onun çoxçalarlılığını və Azərbaycan təbiətinin füsunkarlıqla dolu qeyri-adi mənzərəsini nümayiş etdirir. Ölçüləri 120-nin 120 santimetrə nisbəti olan, kənarları əl ilə işlənmiş kəlağayılar Braziliya ipəkqurdularının baramalarından hazırlanır və onların hamarlığı insana zövq verir.

“BUTALI brendi artıq bu təcrübəyə malik idi, onlar ipək yaylıqlarda təsviri sənətin təcəssümünə müraciət etdilər. Onların silsilə istehsalından biri Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinə həsr olunub və 2022-ci ilin dekabrında bu nadir rəssamın doğum günündə işıq üzü görüb”, - deyə layihənin kuratoru qeyd edib.

BUTALI 2016-cı ildə əsası qoyulmuş, bu gün Azərbaycan zərgərlik sənətinin ən yaxşı ənənələrinin dirçəldilməsi və qorunub saxlanılmasının gözəl nümunəsinə çevrilmiş, elitar mədəniyyətin bir çox biliciləri arasında populyarlıq qazanmış, eksklüziv məhsullar yaratmış milli Azərbaycan brendidir. Onun fəaliyyəti zərgərlik və aksesuarlarla ayrılmaz şəkildə bağlıdır.

T.İvanayeva əlavə edib: “Layihə üzərində iş çox intensiv idi. İlk növbədə, çap olunacaq rəsmləri seçmək, sonra bu əsərlərin düzgün şəkildə fotoşəklini çəkmək lazım idi. Bu yay baş tutan fotosessiyalar zamanı düzgün bucaq müəyyən etmək və işığı tutmaq çox vacib idi. Bütün çəkilişlər şəhər küçələrində, damlarda, həyətlərdə aparılıb. Biz, sözün əsl mənasında, rəsmlərlə günəşin ardınca qaçdıq!”

Hər rəsmdən cəmi iyirmi afişa hazırlanıb. Onlar bir daha təkrarlanmayacaq. Amma bu silsilənin davamı digər rəssamlarla və başqa əsərlərlə planlaşdırılır. Bundan əlavə, layihə müəlliflərinin rəsmləri təkcə yaylıqlarda deyil, həm də müxtəlif səthlərdə çap etmək ideyası var.

Oxşar Xəbərlər

    ×