Əfsanəvi amerikalı kinorejissor Martin Skorseze ilk dəfə ötən ilin mayında söhbət açdığı İsa Məsih haqqında filmin ssenarisi üzrə işləri başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Skorseze bu barədə “Los Angeles Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, layihə bu ilin sonlarında çəkiləcək. Yaponiyalı yazıçı Syusaku Endonun “İsanın həyatı” kitabının süjeti əsasında lentə alınacaq ekran əsərinin xronometrajı 80 dəqiqə təşkil edəcək.
Skorseze yeni layihədə tənqidçi və rejissor Kent Cons ilə birgə həmmüəllif qismindədir.
“Mən yeni vasitə tapmağa, din təsisatının üzərindən mənfi yükü götürməyə çalışıram. Əgər indi siz “din” sözünü dilə gətirsəniz, sizin üzərinizə silahla gələcəklər. Çünki bu söz bir çox hallarda uğursuzluqla qarşılaşıb. Lakin bu, o demək deyil ki, əvvəlinci impuls pis olub. Gəlin, geriyə qayıdaq. Gəlin, sadəcə bu barədə fikirləşək. Bu, sizin xoşunuza gəlməyə bilər. Lakin bu, sizin həyat tərzinizə təsir etmək qabiliyyətindədir. Buna laqeyd yanaşmayın”, - deyə Skorseze müsahibəsində bildirib.