Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
17.01.2024

Yanvarın 17-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Azadlığa aparan yol!” adlı tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova 20 Yanvar gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən söz açıb.

Muzeyin əməkdaşı, elmi-kütləvi işlər üzrə şöbənin müdiri Ümidə Hacıyeva məruzə ilə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən, o cümlədən xalqımızın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.

Eyni zamanda, tədbir çərçivəsində “20 Yanvar” İctimai Birliyinin üzvləri Sahib Əlizadə və Fəxrəddin Məmmədov həmin günün canlı şahidləri kimi öz xatirələrini bölüşüblər. O dəhşətli gecədə millətimizin axan qanının hədər getmədiyini, bugünkü müstəqilliyimizin bünövrəsinin elə həmin gün qoyulduğunu vurğulayıblar.

Sonra qonaqlara muzey işçiləri tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri vətənpərvərlik mövzusunda müxtəlif musiqi nümunələri ilə çıxış ediblər.

Tədbirdə qonaqlarla yanaşı, Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, muzey əməkdaşları və media nümayəndələri iştirak edib.

Oxşar Xəbərlər

    ×