Yanvarın 30-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Vətənimizin igid gəncləri” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Azərbaycanda gənclərin inkişafında göstərilən hərtərəfli dəstəkdən söhbət açıb. O, şanlı Qələbəmizin əldə olunmasında gənclərin göstərdiyi böyük qəhrəmanlıqlardan danışaraq onların döyüş yolunun gənclər üçün əsl vətənpərvərlik örnəyi olduğunu söyləyib.
Tədbirdə İkinci Qarabağ müharibəsinin qaziləri, beynəlxalq müsabiqələr laureatı, tarzən Fərid Atazadə və xanəndə Məbud Əhmədov çıxış edərək keçdikləri döyüş yolu və sənət uğurlarından danışıblar. Həmçinin onlar musiqi nömrələri ilə çıxış ediblər.
Sonda Fərid Atazadə və Məbud Əhmədovun ifalarının yer aldığı fotolardan ibarət videoçarx nümayiş olunub.