Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bakıda Sergey Raxmaninovun 150 illik yubileyinə həsr edilmiş konsert keçiriləcək
12.02.2024

Fevralın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə İslama Abdullayeva və Fəqan Həsənli öz ifalarını təqdim edəcəklər.

Tədbirdə, eyni zamanda, bəstəkarın əsərləri səsləndiriləcək.

Peşəkar klassik musiqi təhsilli İslama Abdullayeva əsasən klassik musiqi janrında, yerli və xarici bəstəkarların əsərlərinin ifası ilə tanınır. Azərbaycan musiqi tarixində bir çox ilklərə imza atmış gənc, lakin təcrübəli ifaçı rəqəmsal platformalarda özünəməxsus ifaları ilə seçilir, klassik əsərlərə öz yanaşması ilə yeni nəfəs qatır. İslama Abdullayevanın yaradıcılığında “Azerbaijani music”, “Stabat Mater”, M. Müşfiqin şeirlərinə yazılmış musiqili kompozisiyalardan ibarət “1109” adlı albomlar xüsusi yer tutur. O, 2019-cu ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən V.Bellininin “Norma” operasında böyük uğurla Klotilda rolunu ifa edib. Eyni zamanda, 2021-ci ildə Moskvada keçirilən M.Maqomayev adına VI Beynəlxalq Müsabiqəsinə seçilmiş ilk azərbaycanlı soprano olub. Həmin müsabiqədə İslama Abdullayeva jürinin diqqətini çəkib, çoxşaxəli peşəkar ifaçı olması ilə yadda qalıb.

Fəqan Həsənli Bakı Musiqi Akademiyasının piano fakültəsinin professoru Tərlan Seyidovun sinfində təhsil alıb. Bakıda keçirilən müsabiqədə Qran-Pri mükafatına layiq görülüb. Gürcüstan və Bolqarıstanda keçirilən beynəlxalq müsabiqələrdə birinci yeri qazanıb, laureat adına layiq görülüb. O, 2019-cu ildə M.Rostropoviç adına beynəlxalq festival çərçivəsində keçirilən konsertdə dünyaşöhrətli E.Bronfmanla birlikdə çıxış edib. Gənclər mükafatı laureatıdır. Q.Qarayevin üçsəsli fuqasının, C.Qarayevin sonatasının ilk ifaçısıdır. Müxtəlif illərdə ABŞ, Rusiya, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Estoniya, Bolqarıstan və digər ölkələrdə müsabiqə, festival, konfranslarda həm solist, həm də konsertmeyster kimi çıxış edib. F.Həsənli 2023-cü ildən Mikpro yayım şirkəti ilə əməkdaşlıq edir.

Oxşar Xəbərlər

    ×