Fevralin 20-21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 176, 270 və 234 saylı tam orta məktəblərin və İdrak Liseyinin rus bölməsinin şagirdlərinin təqdimatında “Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məktəblilər kitabxananın kiçik oxu zallarında Yəhya Kərimovun “Dilimizi öyrənək”, Sevinc Nuruqızının “Qədim Bakıya səyahət”, “Melisa” adlı kitabları ilə tanış olublar.
Daha sonra B.Vahabzadənin “Ana dili”, M.Müşfiqin “Ana dili”, T.Bayramın “Ana dilim” şeirləri və kompazisiyalar, videoslayd təqdim edilib. Videotəqdimatda bu tarixi günün inkişaf mərhələlərindən ətraflı bəhs edilib, ana dilinin qorunması sahəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fikirləri, qanun və sərəncamlar öz əksini tapıb. “Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur hissi duymalı, dilimizin, mədəniyyətimizin, tariximizin yaşanması üçün çalışmalıdır”, - deyə tədbirdə qeyd olunub.