Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Muğam gecələri” layihəsi çərçivəsində Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun konserti olub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert proqramını “Qarabağ” ansamblı müşayiət edib.
Mənsum İbrahimovun Xalq artisti tarzən Elçin Həşimovun, Əməkdar artistlər kamança ifaçısı Elnur Əhmədovun və nağara ifaçısı Kamran Kərimovun müşayiəti ilə təqdim etdiyi Azərbaycan muğamları və xalq mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Xalq artisti, həmçinin torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə, qazilərimizə həsr etdiyi “Zəfər” mahnısını ifa edib.
Konsert proqramında Xalq artistinin yetirmələri Sədəf Budaqova və Gülzar Fərəcova da çıxış ediblər.