Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
İçərişəhər və Qala qoruğunda bayram əhval-ruhiyyəsi
14.03.2024

İçərişəhər və Qala qoruğunda bayram ovqatı davam edir. Ziyarətçilər çərşənbə tonqalının yandırılması ilə yanaşı, digər bayram adətlərinin həyata keçirilməsində iştirak edirlər.

Bu barədə AZƏRTAC-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Həmçinin, Novruz bayramı və Ramazan ayının eyni vaxtda insanlara ikiqat şən əhval-ruhiyyə bəxş etdiyi bir dövrdə ziyarətçilər üçün İçərişəhərdə “Ramazan turu” və Qala Qoruğunda “Novruz turlar"ı təşkil olunur.

Həftənin şənbə günləri keçirilən “Ramazan turu” zamanı qonaqlar bələdçilərin müşayiəti ilə Şirvanşahlar Saray məscidləri, Sıratağlı Dini-memarlıq kompleksi, Seyid Yəhya Bakuvi türbəsi, Məhəmməd, Bəylər, Cümə və İçərişəhərdəki digər məscidləri ziyarət edərək onların tarixi ilə tanış ola bilərlər.

Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksində çərşənbə axşamı günləri və martın 20-26-da tətil günlərində təşkil olunan “Novruz turları” zamanı ziyarətçilər qurama sənətinin incəlikləri ilə tanış ola, ağac qorxutma, bacadan şal sallama, “Qodu -qodu” mərasim nəğməsi söyləmə, buğda qovurma (qovurğa), yumurta döyüşdürmə və digər ənənəvi çərşənbə adətləri ilə yanaşı, birlik və bərabərlik rəmzi olan yallı rəqsində iştirak edə bilərlər.

Oxşar Xəbərlər

    ×