Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Teatr O2 məkanında “İki nəfər” tamaşasının premyerası olub
18.03.2024

Teatr O2 məkanında Uilyam Qibsonun “İki nəfər yelləncəkdə” pyesi əsasında səhnələşdirilmiş “İki nəfər” tamaşasının premyerası olub. Tamaşaya rejissorlar Konstantin Soldatov və İrina Yakubenko quruluş veriblər. Rolları Yevgeni Maksimov və Tatyana Selivyorstova ifa ediblər.

“İki nəfər yelləncəkdə” pyesi mövzu etibarilə öz həyəcanlarının müxtəlifliyi fonunda insan ruhunun tədqiqini göstərən ekzistensial dramdır. Bu, iki tənha adamın - vəkil Cerri və rəqqasə Qitelin hekayəsidir. Təsadüfi görüş onlar üçün qurtuluş və cəzaya çevrilir. Qeyri-sabit münasibət qəhrəmanların həyatını alt-üst edir.

Tamaşanın rejissorlarından biri İrina Yakubenko AZƏRTAC-ın müxbiri ilə söhbətində tamaşa üzərində işlərin necə aparılmasından və tamaşaçıya nəyin çatdırılmasının vacibliyindən danışıb.

Rejissor vurğulayıb: “Uzun müddətdir ki, bu tamaşaya diqqət yetirirəm. İnsani münasibətləri göstərmək mənim üçün çox vacib idi. Bundan əlavə, hekayə teatrımızın kamera formatına çox uyğundur. Tamaşanın üzərində iş ay yarım davam edib. Tamaşada iki aktyor iştirak edir. Gənc aktyorlar - Jenya və Tanya rolları əla ifa ediblər. Onlar çox çalışdılar və bu gün özlərini tamaşaçılara tam şəkildə göstərdilər. İnsanların tamaşaya, bir-birinə, rejissora inanması çox vacibdir. Aktyorların səhnədə bir-birini nə dərəcədə hiss edə bilmələri, özlərini işlərinə hansı səviyyədə həsr etmələri də önəmlidir”.

Aktrisa Tatyana Selivyorstova da premyera ilə bağlı təəssüratlarını bölüşüb: “Premyera əla keçdi. Tam zal – bu, min faiz sizi də əhatə edir. Sanki özünlə, xarakterinlə yenidən tanış olursan və başa düşürsən ki, təkcə sənin deyil, həm də oynadığın qəhrəmanın həyat təcrübəsi baqajı var. Birdən-birə o, öz təcrübəsini sizə çatdırmağa başlayır. Bu, yəqin ki, teatrın və aktyorluq peşəsinin sehridir, burada hansısa yeni həyatı yaşayırsan. Müəyyən mənada, səhnədə canlandırdığın xarakterə yazığın gəlir, bəzən ona nifrət edirsən, bəzi hallarda tərəfdaşından zəhlən gedir, yaxud ayrı-ayrı məqamlarda ona aşiq olursan. Bu, həqiqətən gözəldir. Və sizə bir şey öyrətdikləri üçün qəhrəmanlarıma təşəkkür etmək istəyirəm”.

Aktyor Yevgeni Maksimov da tamaşanın premyerası ilə bağlı hisslərini ifadə edib: “Tamaşaçı tərəfindən güclü diqqət hiss olunurdu. Çox sakit danışanda anlaya bilirsən ki, ətrafında hətta pıçıldaya biləcəyin və bu replikanın eşidiləcəyi bir sükunət hökm sürür. Zalda belə bir diqqət varsa, bu, insanların mümkün qədər tamaşanın mahiyyətinə qərq olması deməkdir və belə ab-hava bizim üçün çox xoşdur. Tamaşa Brodvey komediyası üslubunda yazılıb, baxmayaraq ki, əslində o, zarafat və məzəli detalları ehtiva edən dramdır və müəllif bəzi məqamlarda tamaşaçılardan müəyyən reaksiya - məsələn, gülüş selinin gəlməsini nəzərdə tutub. Pyesi oxuyanda, özüm də bəzi yerlərdə gülümsəyirdim. Amma səhnədə bu hekayəni yaşayırsan və baş verənlər sənin üçün çox ciddidir”.

Teatr məkanının xüsusi olaraq “İki nəfər” tamaşası üçün necə təşkil edildiyini xüsusi qeyd etmək lazımdır. Zalda keçidlərdən, işıqlandırmadan, səs və video proyeksiyalardan üzvi və orijinal istifadə edilməsi tamaşaya istehsal dinamikası verib, gözəl vizual effekt yaradıb.

Premyeradan sonra Teatr O2 tamaşaçıları ilə tamaşanın ənənəvi müzakirəsi aparılıb. Gecənin qonaqları aktyor və rejissorlarla ünsiyyətdə olub, tamaşa haqqında təəssüratlarını bölüşüb, suallar verib və bütün kollektivi uğurları münasibətilə təbrik ediblər.

Oxşar Xəbərlər

    ×