Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi
19.04.2024

Azərbaycanın Quba rayonunda Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə bənzərsiz Xınalıq kəndi yerləşir. Qədim tarixə və özünəməxsus ənənələrə malik olan kənd Qızılqaya, Şahdağ və Tufandağ dağları ilə əhatə olunub. Xınalıq sakinləri üçün düz kəndin qarşısında yerləşən Tufandağ dağı xüsusi əhəmiyyət kəsb edir. Rəvayətlərdən birinə görə, bu zirvədə min il əvvəl güclü zəlzələ nəticəsində dağılmış qədim yaşayış məntəqəsinin xarabalıqları var. İndiki Xınalığın məhz onun sakinləri tərəfindən salındığı ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, Xınalığı “dağlar arasında ada” adlandırırlar. Yerli əhali haqqında ilk yazılara I əsrdə Qədim Roma tarixçisi Plininin əsərlərində və Strabonun məşhur “Coğrafiya”sında rast gəlmək olar. Ancaq kəndin qədimliyini ən aydın şəkildə sübuta yetirən yer, ümumi sahəsi Xınalığın öz ərazisindən xeyli iri olan 8 böyük qəbiristanlıqdır. Burada 3, hətta 4 təbəqəli dəfnlər var və məzar daşlarında müxtəlif əlifbalarla yazılmış yazılar həkk olunub.

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun ərazisində tarixi dəyərlər baxımından çox zəngin muzey fəaliyyət göstərir. Muzey 2019-cu ildə fəaliyyətə başlayıb və bölgənin mədəni irsinin həqiqi saxlanc yeridir. Muzey elə də böyük olmasa da, hər biri özünəməxsus dəyərə malik eksponatları ilə ziyarətçiləri heyran edir.

Kolleksiyadakı eksponatlara yerli əhalinin həyat tərzini və adət-ənənələrini əks etdirən məişət əşyaları, yerli xalçalar, silahlar, zərgərlik əşyaları, fotoşəkillər və digər tarixi nümunələr daxildir. Bu eksponatlar keçmiş dövrün ab-havasını duymağa imkan yaradır.

Kolleksiyada kənd sakinlərindən aşkar edilmiş və toplanmış əlyazmalar xüsusi yer tutur. Bu sənədlər yerli əhalinin gündəlik həyatını, ənənələrini və çoxəsrlik müdrikliyini əks etdirdiyinə görə böyük tarixi və mədəni əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, muzeyin kolleksiyası Dövlət Turizm Agentliyinin dəstəyi ilə kəndin yaxınlığında yerləşən qədim insanlara aid yaşayış məskənlərində aparılan arxeoloji işlərdə tapılan eksponatlarla əhəmiyyətli dərəcədə zənginləşib.

Arxeoloji işlərə 2019-cu ildə Xınalıqdan iki kilometr cənub-şərqdə kəndlilərin “Kima Liqebriş” (“Qədim qəbiristanlıq”) adlandırdığı yerdə başlanılıb. Burada zinət əşyaları - medalyonlar, sırğalar, şarabənzər asqılar, muncuqlar tapılıb. Zərgərlik məmulatlarından savayı, burada çoxlu dəmir xəncər tapılıb. Bölgənin sakinlərinin digər bölgələrlə ticarət əlaqələrini göstərən qədim sikkələr daha böyük maraq doğurur.

Tapılan eksponatlar arasında Roma İmperiyasına aid faleraları da qeyd etmək vacibdir. Alimlər faleraların Roma legionerlərinə verilən və hərbi fərqlənmə nişanları kimi xidmət edən metal ordenlər olduğunu qeyd edirlər. Roma faleraları ümumiyyətlə diametri 4-7 santimetr olan yuvarlaq və ya oval formalı disklərdir. Dizaynları isə müxtəlifdir. Bu, Azərbaycan ərazisində aşkarlanan ilk belə artefaktdır. Tapıntı elmi tədqiqatlar üçün böyük əhəmiyyət kəsb edir.

Abidələrin aşkarlandığı arxeoloji işlər görkəmli alim və arxeoloq İdris Əliyevin rəhbərliyi ilə aparılıb. Bu tapıntılar göstərir ki, Böyük Qafqazın dağlıq hissəsində qədim insanların tədqiq olunmamış yaşayış məskənləri var. Kəşfin əhəmiyyəti ondan ibarətdir ki, erkən Tunc dövrünə aid yaşayış məntəqələri məhz bu hündürlükdə ilk dəfə aşkar edilib.

Bütün bunlar Xınalıq ərazisinin Böyük Qafqazın tarixi və coğrafi ərazisindəki əhəmiyyətini sübuta yetirir. Dağ keçidləri qədim dövrlərdən strateji əhəmiyyətə malikdir, çünki onlar müxtəlif bölgələr arasında ticarət, insanların hərəkəti və mədəni mübadilə üçün əsas marşrutları təmin edir. Bu cür kəşflər arxeoloqlara və tədqiqatçılara ərazinin tarixi rolunu və müxtəlif xalqlar arasında mədəni və iqtisadi əlaqələrin formalaşmasına təsirini daha yaxşı anlamağa imkan verir.

Muzeyin dəyəri ondan ibarətdir ki, o, keçmiş irsə aid ənənələri yaşatmağa kömək edir və cəmiyyət üçün dəyərli mənbə rolunu oynayır, habelə bu dağ kəndinin tarixi irsini və mədəni kimliyini gələcək nəsillər üçün qoruyub saxlayır. Muzey, yüksək dağlıq ərazilərdəki icmaların həyat tərzi və mədəniyyəti haqqında daha çox məlumat əldə etmək istəyən turistlər və tarix həvəskarları üçün maraqlı məkandır.

Xınalıq mədəniyyəti özündə qədim dövrlərdən başlayaraq müxtəlif tarixi dövrlərdə bu əlçatmaz yerlərə nüfuz edən müxtəlif etnik mənşəli elementləri birləşdirir. Bunu sübuta yetirən artefaktlar yerli muzeydə öz layiqli yerini alıb. Dağ kəndi olan Xınalıq, Azərbaycan mədəniyyətinin müxtəlifliyinin və zənginliyinin daha bir əyani təsdiqidir.

Oxşar Xəbərlər

    ×