Mayın 14-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə “Yay mövsümünə hazırlıq” mövzusunda IV Baş Assambleya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ATAA-nın ikiillik fəaliyyətinə həsr olunan videoçarxı izləyiblər.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov turizmin müxtəlif sahələrini birləşdirən ixtisaslaşmış ictimai birliklərin və bütövlükdə sənayenin təşkilatlanmasının dövlət-biznes tərəfdaşlığının inkişafında, sənaye ilə səmərəli və çevik əlaqələrin qurulmasında mühüm rol oynadığını qeyd edib.
O, Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına, eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən bu kimi birliklərin fəaliyyətinə daim dəstək verdiyini, həmçinin Agentliyin turizmin tənzimlənməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, turizm məhsullarının yaradılması, marketinq kimi bir sıra mühüm istiqamətlərdə sənaye ilə əməkdaşlığın genişlənməsində əlaqələrin vacibliyini vurğulayıb.
Assambleyada çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov öz ətrafında 170 turizm şirkətini birləşdirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyətinin ölkə turizminin tərəqqisi, üzvlərin hüquqlarının qorunması və fəaliyyətlərinə dəstək göstərilməsi, Azərbaycanı xarici ölkələrdə cəlbedici turizm destinasiyası olaraq tanıdılması, eləcə də ölkəyə turist axınının artırılması üzərində qurulduğunu qeyd edib. O, son illər ərzində ATAA-nın ölkə turizminin bərpası və inkişafı istiqamətində müxtəlif dövlət qurumları və təşkilatlarla, aviadaşıyıcılarla, beynəlxalq tərəfdaşlarla 300-ə yaxın görüş keçirdiyini, ikitərəfli və çoxtərəfli müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Dövlət-özəl sektorunun birgə fəaliyyətinin vacibliyinə toxunan G.Qəhrəmanov bu istiqamətdə əməkdaşlıq imkanlarının artırılmasının, digər sənaye subyektləri ilə də qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkənin turizm sənayesinin sürətli inkişafına təkan verəcəyini bildirib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ağsaqqallar Şurasının sədri Müzəffər Ağakərimov çıxışında pandemiyanın digər sektorlarla yanaşı, turizmə də böyük ziyan vurduğunu deyib. Qeyd edib ki, həmin illərdən sonra Azərbaycan Turizm Agentliyinin rəhbərliyi ilə müvafiq sahə yenidən dirçəlib, inkişaf etdirilib.
“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası səriştəli, bacarıqlı turizm şirkətləri ilə əməkdaşlıq edir, həmçinin Assosiasiyanın reytinqi ildən-ilə artır. Məhz Assosiasiyanın keçirdiyi tədbirlər bunun bariz nümunəsidir. Eyni zamanda, bizi işğaldan azad edilmiş ərazilərimizdə böyük işlər gözləyir. Turizm təkcə kommersiya deyil, o, həm də mədəniyyət, incəsənət, tarix və musiqinin təbliğidir”, - deyə Müzəffər Ağakərimov vurğulayıb.
Assambleyada Assosiasiyasının nizamnaməsinə əsasən quruma yeni İdarə Heyəti sədrinin və üzvlərinin seçkisi keçirilib. Göydəniz Qəhrəmanov yenidən Assosiasiyanın İdarə Heyətinin sədri seçilib. Seçki prosesində 122 nəfər iştirak edib. Onların 118-i lehinə, 4 nəfəri isə bitərəf olub.
Tədbir çərçivəsində yay mövsümünə hazırlıq və turist cəlbediciliyinin artırılması imkanları, turizmdə mövsümiliyin aradan qaldırılması, gəlmə və daxili turizminin inkişafı, getmə turizmdə yeni istiqamətlər, turoperatorlarla turizm şirkətləri arasında işbirliyi və bir sıra digər məsələlərə dair panel müzakirələri təşkil edilib, sənayeni maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.
Panel müzakirələrdə cari ilin ilk 4 ayının statistikasına əsasən ölkəyə səfər edən əcnəbi vətəndaşların sayında 40 faizə yaxın artımın olduğu qeyd edilib. Eləcə də qarşıdan yay turizm mövsümünün gəlməsi və növbəti aylarda ölkədə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi kimi amillər nəzərə alınaraq ilin sonuna kimi müsbət dinamikanın müşahidə ediləcəyi, pandemiya səbəbindən turizmdə yaşanan böhrandan sonra 2024-cü ilin ən uğurlu il olacağı proqnozlaşdırılıb.