Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
AZƏRBAYCANIN SƏNƏTKARLARI Elbəniz Təhməzova: Xalçada naxışların, ilmələrin hər biri sanki səninlə danışır
16.07.2024

AZƏRTAC Azərbaycanın sənətkarları haqqında məqalələr silsiləsinin davam etdirir. Növbəti həmsöhbətimiz Şabran şəhərindən olan xalça ustası Elbəniz Təhməzovadır. O, həm də Pirəbədil Tarix Muzeyində ekskursovod vəzifəsində çalışır.

Elbəniz xanımın xalçatoxuma sənətinə həvəsi onun ailəsində yaranıb; nənəsinin ənənəsini anası, bacıları, xalaları davam etdirib. Onun sözlərinə görə, hələ kiçik yaşlarında anasının yun iplərdən xalça toxuduğunu, onları təbii boyalarla bəzədiyini müşahidə edirdi: “Babamın evində yaşayırdıq, kiçik yaşlarımdan anamın yun iplərlə xalça toxuduğunu, bu ipləri necə gözəl xalçaya çevirdiyini görürdüm. Bütün bunları müşahidə edərkən, məndə xalçaçılıq sənətinə həvəs yaranırdı”.

Həmsöhbətimiz öz işinin nəticələrindən ilhamlanır. O, hər bir xalçanın necə alındığını görmək üçün onun ərsəyə gəlməsini səbirsizliklə gözləyir. Usta deyir: “Xalçanı toxuyub qurtardıqdan sonra qürurla və heyranlıqla onu süzürəm, çünki öz zəhmətimin məhsuludur”.

Söhbətimizə qoşulan Pirəbədil Tarix Muzeyinin direktoru Pərvanə Mirzəyeva deyir: “Bölgəmizdə xalçanı istisnasız olaraq əllə toxuyurlar. Yunun emalından rənglənmə və toxumaya qədər bütün proseslər əl əməyinin məhsuludur”.

Direktorun sözlərinə görə, xalçaçılıq rayonun mədəni həyatının mühüm tərkib hissəsi olaraq qalır. Gənclər bu sənətə maraq göstərirlər. Pirəbədil Tarix Muzeyində gənc qızların təcrübəli sənətkarlardan dərs ala biləcəkləri xalçaçılıq dərnəyi fəaliyyət göstərir.

Pərvanə xanım qeyd edir: “Gənclərin, xüsusən də nənə və analarının məşğul olduğu ailələrdən olanların xalçaçılıq sənətinə marağı var. Muzeyimiz hər il bu qədim xalçaçılıq sənətinin sirlərini öyrətmək üçün gəncləri dərnəyimizə qəbul edir”.

Pərvanə xanımın sözlərinə görə, Pirəbədil xalçaları beynəlxalq bazarda yüksək qiymətləndirilir. Bu unikal məhsulları almaq üçün İsraildən alıcılar gəlir. O, bunun səbəbini belə izah edir: “Xalçalarımız yüksək keyfiyyətinə və təbii boyalarına görə qiymətləndirilir. Bu, ailələr üçün mühüm gəlir mənbəyi və mədəniyyətimizin əhəmiyyətli bir hissəsidir”.

Pərvanə xanım əmindir ki, xalçaçılıq mədəni irsin və adət-ənənələrin qorunmasında mühüm rol oynayır. Xalçalar təkcə evləri bəzəmir, həm də ailələrdə hörmət və ehtiramın rəmzidir.

“Xalçaçılıq təkcə sənət deyil, həm də mədəni irsimizin qorunub saxlanmasının bir vasitəsidir. Hər bir xalça öz hekayəsini danışır, xalqımızın adət-ənənələrini, dəyərlərini nəsildən-nəslə çatdırır”, - deyə Pərvanə Mirzəyeva sözlərinə yekun vurur.

Xalçatoxuma Elbəniz xanım üçün təkcə iş prosesi deyil, həm də ailə həyatının və mədəniyyətin mühüm tərkib hissəsidir. Nənəsi hər zaman deyərdi ki, xalça qızın və qadının şərəf və ləyaqətidir.

Usta deyir: “Xalçatoxuma gözəl, həm də böyük səbir tələb edən sənətdir. Hər bir naxış, ilmə sanki səninlə danışır”.

Oxşar Xəbərlər

    ×