Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 109 il ötür
19.07.2024

Opera ifaçılığı sənətinə qəlbən bağlanan, bu yolda fədakarlıq göstərərək musiqi xəzinəmizə töhfələr verən görkəmli sənətkarlarımızdan biri də Xalq artisti Ağababa Bünyadzadədir. Bu gün istedadlı opera ifaçısının anadan olmasının 109-cu ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, Xalq artistinin həyat və yaradıcılığına qısa nəzər salır.

1915-ci il iyulun 19-da Bakıda anadan olan Ağababa Bünyadzadə 1934-cü ildə orta məktəbi bitirib və Texniki peşə məktəbində çilingər peşəsinə yiyələnib. Ancaq o, bu sənətin dalınca getməyib. Bariton səsi olan Ağababa bədii özfəaliyyət kollektivlərinə yazılıb. Dram dərnəyində aktyorluq fəaliyyəti göstərməklə yanaşı, müğənnilik də edib.

A.Bünyadzadə Üzeyir Hacıbəylinin məsləhəti ilə 1938-1939-cu illərdə Moskvada Qnesinlər adına Musiqi məktəbində təhsil alaraq 1940-cı ildə vətənə dönüb. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Opera studiyasında Xalq artisti K.Knijnikovun sinfində səs quruluşundan dərs alıb. Beləliklə, gənc müğənni əmək fəaliyyətinə Opera və Balet Teatrında başlayıb. Əvvəlcə studiyanın xor dəstəsində çıxış edib, bir müddət sonra isə teatrın solistləri arasında yerini tutub.

Ağababa Bünyadzadə Opera və Balet Teatrında çalışdığı illər ərzində 60-dan çox məsul partiya oxuyub. Yaradıcılığı dövründə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb.

Araşdırmalarda göstərilir ki, A.Bünyadzadənin Ü.Hacıbəylinin “Leyli və Məcnun”unda Nofəl, “Koroğlu”da Həsən xan və Alı, R.Qlierin “Şahsənəm”ində Xan, F.Qalevinin “Kardinal qızı”nda Rudjiero və digər operalarda ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı və səslə hərəkətin üzvi vəhdəti ilə seçilib. O, həmçinin Şahvələd (“Aşıq Qərib” - Z.Hacıbəyov), Hökmdar (“Nizami” - Ə.Bədəlbəyli), Yavər (“Azad” - C.Cahangirov), Atakişi (“Sevil” - F.Əmirov), Ağalar bəy (“Nərgiz” - M.Maqomayev), Şeyx Nəsrullah (“Ölülər” - V.Adıgözəlov), Şapur (“Xosrov və Şirin” - Niyazi), Mərdan (“Vətən” - Q.Qarayev və C.Hacıyev), Fiqaro (“Sevilya bərbəri” - C.Rossini) və digər partiyaların mükəmməl ifası ilə tamaşaçıların rəğbətini qazanıb.

A.Bünyadzadə 1967-ci ildə M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb və səhnə əsərində yaratdığı Aslan şah obrazı ilə ilk böyük uğurlarından birinə imza atıb. Ü.Hacıbəylinin “Koroğlu” operasında Həsən xan partiyası isə sənətkarın ən böyük səhnə uğuru hesab edilir.

O, Üzeyir bəyin şəxsiyyətini və onun zəngin yaradıcılığını yüksək qiymətləndirib, hər zaman minnətdarlıqla yada salıb. 1962-ci ildə mətbuatda dərc olunan “Ölməzlik” adlı məqaləsində A.Bünyadzadə dahi bəstəkar haqqında xatirələrində yazır: “Üzeyir bəy daim yeni axtarışlar, tapıntılar sorağında idi. Belə “tapıntılar” arasında mən də var idim. Mən “Koroğlu” operasında ilk tamaşadan iştirak etmişəm, əvvəlcə xorun tərkibində, daha sonra carçı obrazında. Sonra düşündüm ki, Həsən xanı hazırlayım. Buna görə də yavaş-yavaş obraz üzərində işləməyə başladım. Ariyaları hazırlayıb İsmayıl Hidayətzadəyə nümayiş etdirməyi qərara aldım. İ.Hidayətzadə ifamı dinlədikdən sonra bəyəndiyini dedi. Biz Üzeyir bəyə sürpriz hazırlamaq fikrinə gəldik. Səhnədə gənc və yeni sima olan Həsən xanı Üzeyir bəyə göstərmək məsuliyyət və sevinc idi. Tezliklə bu partiyanı mənə tapşırdılar və yaradıcılığımda ilk uğurlarımdan biri oldu”.

A.Bünyadzadə respublikanın hüdudlarından kənarda - Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Tiflis və keçmiş SSRİ-nin digər şəhərlərində, habelə Bolqarıstan və Rumıniyada qastrol səfərlərində olub, mədəniyyətimizi layiqincə təmsil edib. Sofiya Opera Teatrında J.Bizenin “Karmen” operasında Eskamilyonun partiyasını oxuyub. Teatr sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. 1943-cü ildə “Əməkdar artist”, 1955-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Görkəmli səhnə xadimi 1974-cü il dekabrın 17-də Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.

Oxşar Xəbərlər

    ×