“Zaman Art Gallery” gənc rəssam Elnur Hüseynovun “Primo Incontro” ( italyanca “İlk görüş”) adlı sərgisini təqdim edib.
AZƏRTAC xəbər verir ki, sərgiyə 17 əsər daxil edilib ki, onların da əksəriyyəti rəssamın özünün dediyi kimi, həyatının müəyyən dövrləri ilə birbaşa bağlıdır.
Elnur Hüseynovun peşəkar təhsili olmamasına baxmayaraq, uşaqlıqdan rəsmlə məşğul olub.
Sərginin açılışında rəssam “Uşaqlıqdan əlimdə fırça və boya ilə qaçmışam, sənətə böyük sevgim var”, -deyə vurğulayıb. O əlavə edib: “Abstrakt sənəti çox sevirdim. Amma sənət təhsilinin əleyhinə olduğum üçün və başqalarının şərhinə görə enerjimi, sənət sevgimi itirəcəyimdən qorxduğuma görə 15 yaşımdan öz gücümlə biliklərimi inkişaf etdirməyə başladım. İnsanların müəllimlərin yanına gedib sənətdən necə əl çəkdiyini görmüşəm. Onlar deyirdilər: “Mən sənətkar deyiləm, bilmirəm, bacarmıram...” Düzünü desəm, bu, qətiyyən xoşuma gəlmir. İnanıram ki, fırçanı kətan üzərində hərəkət etdirəndə, həmin sehrli anda bütün enerjini qoyursan və hisslərini çatdıra bilirsən. Tamaşaçı isə, öz növbəsində, özünəməxsus nəyisə hiss edir, görür və xatırlayır. Mən 16 yaşımdan peşəkar şəkildə rəsm çəkməyə başladım. Gizlətmirəm ki, rəssamlığın incəliklərinə nüfuz etdikdən sonra fərdi üslubum yaranmağa başladı”.
Sərgidə Elnurun ən mühüm əsərlərindən biri – “Dolore Della Donna” kolleksiyaçılarda daim maraq doğurur. Lakin yaradıldığı gündən, 2021-ci il sentyabrın 20-də müəllifin qərarı ilə həmin rəsmin sahibi Vasilina Yuskovetsdir.
Elnur qeyd edir: “Sevgi mənə motivasiya və ilham verdi; mən bütün həyatım boyu bir insandan ilham almışam və bu, hələ də davam edir. O, təslim olmağıma imkan vermədi, məni dəstəklədi və inanılmaz enerji ilə yüklədi, buna görə ona (V. Yuskovets - red.) sonsuz minnətdaram”.
Elnur Hüseynovun yaradıcılığına xas olan fərqləndirici cəhətlərdən biri də çəkdiyi rəsmlərin italyan imzaları və adlarıdır: “Kinoka”, “Distrutto”, “Con Te Voglio Invecchiare”, “Vita Felice”, “Nuovo Percorso”, “Anima Vuota”, “Semper Vicino” və sairə. Deyə bilərik ki, bu cür semantik və linqvistik nüans rəssamın rəsmlərinə daha da böyük emosional dərinlik verir.
“Zaman Art Gallery” qalereyasının qeyd etdiyi kimi, “Primo Incontro” sərgisi 2023-cü ilin payız - 2024-cü ilin yay mövsümünün gözəl yekunu oldu və bu ilin sentyabrında açılacaq növbəti mövsümdə sənətsevərləri yeni layihələr və sərgilər gözləyəcək.