Konfransda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri və üzvləri seçilib
İyulun 22-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XV konfransı keçirilib. Konfransda Teatr Xadimləri İttifaqının üzvləri və respublikanın tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib.
Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini əks etdirən geniş videoçarx nümayiş olunub və hesabat dövründə dünyasını dəyişmiş sənət adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr vəzifələrini müvəqqəti icra edən, Xalq artisti Hacı İsmayılov bildirib ki, ATXİ-nin İdarə Heyətinin qərarına əsasən konfransa nümayəndəlik norması hər 10 nəfərdən bir nəfər seçilib, konfransın işində 75 nümayəndədən 67-si iştirak edir. Səkkiz nəfər isə üzrlü səbəblərdən iştirak etmir.
Daha sonra Hacı İsmayılovun təklifi ilə üç nəfərdən ibarət mandat komissiyası seçilib.
İclası aparmaq üçün tanınmış aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov yekdilliklə sədr seçilib.
Konfransda Hacı İsmayılov hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi çıxışının əvvəlində Azərbaycan teatrının son 5 ildə keçdiyi inkişaf yolundan bəhs edib, bu sahəyə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hacı İsmayılov gənclər üçün yaradılan şəraitdən danışaraq teatrların demək olar ki, hamısında gənc nəslə çox önəm verildiyini deyib. Həmçinin istedadlı gənclərin diqqət mərkəzində saxlanıldığını, onların daim öz üzərilərində çalışması üçün teatrların göstərdikləri dəstəkdən bəhs edib.
Məruzədə hesabat dövründə yaradıcılıq ittifaqının gördüyü işlər barədə də məlumat verilib. Görkəmli teatr xadimlərinin yubileylərinin keçirildiyi, onlarla bağlı xatirə albom-kitablarının hazırlanıb nəşr edildiyi, yaxın və uzaq xarici ölkələrdən gəlmiş teatr xadimlərinin iştirakı ilə ustad dərslərinin, eləcə də yaradıcılıq laboratoriyalarının təşkil olunduğu vurğulanıb. Həmçinin bu tədbirlərin təkcə paytaxt Bakını yox, həm də bölgə teatrlarını da əhatə etdiyi vurğulanıb.
Məruzəçi ATXİ-nin xətti ilə keçirilən festival və müsabiqələr barədə də məlumat verib.
Sonra Azərbaycan Teatr Xadimləri İttifaqı Təftiş Komissiyasının sədri, Əməkdar incəsənət xadimi Hafiz Quliyev hesabat verib. Hesabatda ötən dövrdə görülmüş işlər, gəlirlər və xərclər barədə geniş məlumat yer alıb.
Ardınca mandat komissiyasının məlumatı dinlənilib.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar başlayıb.
Konfransda çıxış edən Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqların, aktyor və rejissorların böyük rol oynadığını diqqətə çatdırıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi barədə danışıb. Bildirib ki, bu layihə çox uğurlu olub, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini daha da fəallaşdırıb.
Xalq artistləri Mərahim Fərzəlibəyov, Sabir Məmmədov, İlham Namiq Kamal, Əməkdar incəsənət xadimləri Əli Əmirli, Ağalar İdrisoğlu, Əməkdar artistlər İntiqam Soltan, Şövqi Hüseynov, Rəhman Rəhmanov, “Günay" uşaq teatrının bədii rəhbəri Larisa Tarusova hesabat məruzəsi ətrafında çıxış edərək ittifaqın və ATXİ İdarə Heyəti sədrinin fəaliyyətini müsbət, Təftiş Komissiyasının işini məqbul qiymətləndiriblər.
Daha sonra ATXİ İdarə Heyətinin sədri, üzvləri, habelə Təftiş Komissiyası heyəti ilə bağlı səsvermə keçirilib.
Açıq səsvermə yolu ilə Hacı İsmayılov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Sonra Təftiş Komissiyasının üzvləri Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Xalq artisti Firudin Məhərrəmov və Əməkdar artist Nadir Xasıyev seçiliblər.
Yeni seçilən sədr ona göstərilən etimada görə konfrans nümayəndələrinə təşəkkürünü bildirib və İttifaqın İdarə Heyətinin yeni tərkibini elan edib. Xalq artistləri Azər Zeynalov, Mərahim Fərzəlibəyov, Siyavuş Kərimi, Cənnət Səlimova və İlham Əsgərov yekdilliklə İdarə Heyətinin üzvləri seçiliblər.
Bundan əlavə, İlham Namiq Kamal və Azad Şükürov ATXİ İdarə Heyəti sədrinin müavinləri vəzifəsinə təsdiq olunublar.
Konfransın növbəti hesabat dövründə görəcəyi işlər barədə qərar layihəsini Xalq artisti Firudin Məhərrəmov oxuyub.
Bununla da Azərbaycan Teatr Xadimləri İttifaqının XV konfransı öz işini başa çatdırıb.