Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti Hindistanın paytaxtı Nyu-Dehli şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyasında fəal iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sessiya çərçivəsində iyulun 24-də S.Yusifova ICESCO-nun təşkil etdiyi "İslam dünyasının irsi" adlı paralel tədbirin açılışında çıxış edib. O, ölkəmizin mədəni irsi, işğaldan azad olunmuş ərazilərdə dağıdılmış mədəni mirasın dövlətimiz tərəfindən sürətli bərpası, Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində təşəbbüsləri haqqında geniş məlumat verilib. İslam İrsi Komitəsinin 12-ci sessiyasının 2024-cü ilin oktyabr ayında "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Azərbaycanın qədim Şuşa şəhərində keçiriləcəyi diqqətə çatdırılıb. Dünya irsi xəzinəsinə misilsiz incilər bəxş etmiş İslam dünyasında mədəni mirasın daha yaxşı qorunması və inkişafı işində ICESCO-nun İslam İrs Komitəsinə uğurlar arzulanıb.
Açılış mərasimində UNESCO baş direktorunun müavini, Beynəlxalq Mədəni İrsin Öyrənilməsi və Tədqiqi Mərkəzinin (ICCROM) direktoru, Mədəni İrs üzrə Ərəb Regional Mərkəzinin direktoru və ICESCO-nun İslam İrsi Komitəsinin rəhbəri də çıxış edib.
46-cı sessiya çərçivəsində ölkəmizin nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər də keçirib. UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini, Afrika Dünya İrsi Fondunun icraçı direktoru, eləcə də tərəf ölkələr olan Vyetnam xarici işlər nazirinin müavini, Belarusun ətraf mühit nazirinin birinci müavini, Avstriya Xarici İşlər Nazirliyinin mədəniyyət üzrə idarəsinin baş katibi, Bəhreyn mədəniyyət nazirinin müavini, Şri-Lanka nümayəndə heyəti, İspaniya nümayəndə heyəti və digər rəsmilərlə keçirilmiş görüşlərdə ikitərəfli münasibətlərin gündəliyi müzakirə edilib. Mədəni irsin iqlim dəyişikliklərinin mənfi təsirlərindən qorunması istiqamətində təşəbbüslər, o cümlədən Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində mədəniyyət istiqaməti üzrə nəzərdə tutulan tədbirlər və təşəbbüslər barədə məlumat verilib.