Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
AZƏRBAYCANIN SƏNƏTKARLARI Mətanət Məhərrəmova: Xalçaların sirlərini və sehrini qoruyan ipləri və naxışları sevirəm
25.07.2024

AZƏRTAC Azərbaycanın sənətkarları haqqında məqalələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz naxçıvanlı xalça ustası, Şahbuz rayonu Aşağı Qışlaq kəndindəki Mədəniyyət evinin direktoru Mətanət Məhərrəmovadır.

Mətanət xanım artıq 17 ildir ki, xalçatoxuma sənəti ilə məşğuldur, rəhbərlik etdiyi müəssisədə xalçaçılıq dərnəyinin açılması təşəbbüsü ilə çıxış edib. Milli dəyərlərin qorunub saxlanılmasında xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

Həmsöhbətimiz ömrünü qədim xalçatoxuma sənətinin yaşadılması və inkişafına həsr edib. Onun bu sənətə həvəsi hələ uşaqlıq illərində başlayıb. Mətanət xanım deyir: “Kiçik yaşlarımda nənəmin və anamın xalçaları necə toxuduğuna heyranlıqla baxırdım. Bu, mənim üçün əsl əyləncə idi. İllər keçdikcə, xalçaçılığın sirlərini və sehrini özündə saxlayan iplərə, naxışlara aşiq olduğumu başa düşdüm”.

Bundan başqa, Mətanət xanım bir vaxtlar Aşağı Qışlaq kəndinin tanınmış xalçatoxuyanı Südabə Məhərrəmovanın gəlini olub və bu sənətə daha da dərindən nüfuz edib. Həmsöhbətimiz xalçaçılıq sənətini qoruyub saxlamağı və gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyub. O, bu məqsədlə 2007-ci ildə Mədəniyyət evində xalçaçılıq dərnəyi açıb.

“Kursun yaradılması təşəbbüsüm müsbət qarşılandı və artıq 17 ildir ki, uşaqlara bu qədim sənəti öyrədirəm”, – deyə ustad bildirir. Onun sözlərinə görə, bir xalçanın ərsəyə gətirilməsi üçün üç aya yaxın vaxt lazımdır. Mətanət xanım bunu təfərrüatı ilə izah edir: “Xalça hazırlamaq üçün təkcə xüsusi alətlər deyil, həm də lazım olan iplər, dəzgah, arğaclar və mil, qayçı kimi digər əşyalar lazımdır. Əvvəlcə yun yuyulur, daranır və iplər əyirilir, sonra onlar rənglənir. İplər hazır olduqda, dəzgah quraşdırılır. Heyranedici naxışların yaradılması onların düzgün seçilməsini və hər bir ilmənin dəqiq icrasını tələb edir. Xalçaçılıq böyük səbir istəyən bir sənətdir”.

Yeni işin nəticəsinin nə olacağı ilə bağlı fikirlər ustaya güc və ilham verir. Xalça ustası əlavə edir: “Yeni bir sənət əsəri yarada bilmək haqqında düşünəndə, bütün çətinliklər əhəmiyyətsiz görünür”.

Həmsöhbətimizin və onun yetirmələrinin əlləri ilə yaradılmış hər bir xalça xalqımızın mədəniyyətini, zövqünü, dərin köklərini əks etdirir.

Ustadın fikrincə, Naxçıvan xalçaları uzunsov forması, həndəsi və nəbati naxışlardan istifadə olunması ilə seçilir. Onların əsas xüsusiyyəti dar bir zolağın yerləşdirilməsidir.

Mətanət xanım xalçaçılığın gənclər arasında təbliği istiqamətində də fəal iş aparır. O deyir: “Mədəniyyətimizin bu istiqamətini yaymaq və gənclərin xalçatoxuma sənətinə marağını artırmaq üçün əlimizdən gələni edirik. Çalışırıq ki, gənc nəsil xalqımızın keçmişini, adət-ənənələrini unutmasın”.

Xalça ustası hesab edir ki, xalçaçılıq ölkənin mədəni irsinin qorunmasında mühüm rol oynayır. O, sözlərinə yekun vuraraq deyir: “Xalça Azərbaycan mədəniyyətinin klassik nümunələrindən biridir. Bu, əcdadlarımızın bizə qoyub getdiyi dəyərdir, xatirədir, sənət əsəri və mirasdır”.

Oxşar Xəbərlər

    ×