AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi münasibətilə burada qorunan arxeoloji kolleksiyanın bəzi nümunələrinə həsr olunmuş iki kitabça nəşr edilib.
Muzeydən bildiriblər ki, bu müəssisənin Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadənin müəllifi olduğu “Xəzər Atlantidası yadigarları” adlı kitabça 1968-1987-ci illərdə muzeyin nəzdində fəaliyyət göstərmiş sualtı arxeoloji ekspedisiyanın tapıntılarına həsr olunub. Nəşrdə Xəzər dənizi akvatoriyasında aparılmış tədqiqatların tarixçəsinə qısa nəzər salınıb, tapılmış saxsı, metal, daş, şüşə və digər tərkibli seçmə maddi mədəniyyət nümunələri haqqında məlumat verilib.
Arxeologiya fondunun müdiri Aida İsmayılovanın müəllifi olduğu “Sehrli çıraq” kitabçasında isə kolleksiyaya daxil olan metal və saxsı, şirli və şirsiz çıraqların seçmə nümunələri haqqında məlumat verilib.
Hər iki kitabçanın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.