Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin yenidən formalaşdırılmasına dair iclas keçirilib.
Rəsədxanadan bildiriblər ki, iclasda ŞAR-ın elmi işlər üzrə direktor müavini, dosent Xıdır Mikayılov müəssisədə Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətindən danışıb. O, müəssisənin gənc potensialının böyük olduğunu və onların fəaliyyəti üçün bütün imkanların yaradıldığını deyib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov ŞAR-ın gənc əməkdaşlarının səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, gənclərin elmi potensialının artırılmasından, gənc alimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Eyni zamanda, ŞAR-da Gənc Alim və Mütəxəssislər Şurasının yenidən formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvləri seçilib. Səsvermə nəticəsində elmi işçilər Əminə Hümbətova ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Nərgiz Tağıyeva sədr müavini, Aynurə Məsimova isə şuranın katibi seçiliblər.