Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Ukraynanın paytaxtı Kiyevdə fəaliyyət göstərən 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyasının direktoru Alla Jukova ilə görüşüb. Bu barədə BSU-dan məlumat verilib.
Görüşdə BSU ilə 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyası və Yaroslav Mudrı adına Beynəlxalq Xeyriyyə Fondu arasında elm və təhsil sahəsində üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanmasında məqsəd üçtərəfli münasibətlərin inkişafı, Azərbaycanda Ukrayna dilini, mədəniyyətini, ədəbiyyatını, tarixini və ənənələrini tanıtmaq, ortaq tədris və mədəniyyət layihə və proqramlarının həyata keçirilməsi, istedadlı tələbə və gənclərə dəstək verilməsi, tələbə və müəllim heyətinin mübadiləsini reallaşdırmaqdır. Müqavilədə iki ölkənin mədəniyyətlərinin qarşılıq olaraq tanıdılması, pedaqoji sahədə təcrübə mübadiləsi, tərəflərin seminarlarda, konfranslarda, dəyirmi masalarda iştirakı, beynəlxalq tədris və innovasiyalar sahəsində bacarıqların öyrənilməsi məqsədilə nümayəndə heyətlərinin ezam edilməsi nəzərdə tutulub. Həmçinin hər iki ölkənin tarix və mədəniyyəti ilə tanışlıq, əməkdaşlıq çərçivəsində Azərbaycanın və Ukraynanın istedadlı gənclərinə dəstək veriləcək, eləcə də təhsil və mədəniyyət sahəsində digər fəaliyyətlər həyata keçiriləcək.
Rektor Nurlana Əliyeva əməkdaşlıq haqqında imzalanmış bu müqavilənin bütün tərəflər üçün faydalı olacağını vurğulayıb. Bildirilib ki, üçtərəfli müqavilənin imzalanması BSU-nun beynəlxalq əlaqələrinin genişləndirməsi istiqamətində atdığı növbəti uğurlu addımdır.
Qeyd edək ki, görüşdə BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Lesya Kərimova, Azərbaycanda Ukrayna Konqresinin İdarə Heyətinin sədri Yuri Osadçenko iştirak ediblər.