Azərbaycan Prezidentinin 2019-cu ildə Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında imzaladığı müvafiq Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə görkəmli sənətkarın adının verilməsi tapşırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.
Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib. Məktəb Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 92 ünvanında yerləşir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti hər zaman dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatları olan “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.