Yasamal rayon Heydər Əliyev Mərkəzi oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümü münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərlinin iştirakı ilə akademikin həyat və fəaliyyətindən bəhs edən videoçarx hazırlayıb.
Videoçarxda Xədicə İsgəndərli görkəmli alimin pedaqoji fəaliyyətindən, onun Azərbaycan tibb elminin, xüsusilə də oftalmologiya sahəsinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Zərifə xanım görkəmli ictimai xadim, alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən qayğıkeş, mehriban ana olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Ömürlərə sevinc, gözlərə nur bəxş edən Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.