Dəfələrlə növbədə durana, yolda rastlaşdığıma – gəncə, ahıla iradımı bildirmişəm ki, niyə maska taxmırsınız. Bəzən görürəm ki, insanlarda koronavirus təhlükəsinə qarşı bir inamsızlıq var. Biz elə bilirik ki, ağzından od çıxan əjdaha kimi gəlməlidir bu koronavirus. Mən Çin qadağasının tərəfdarıyam. Təhlükə tam sovuşandan sonra onlara yarımsərbəstlik verildi. Bu da təbiidir. Onlar tez-tez belə viruslarla üzləşdiklərindən təhlükəni dərk edirlər.
Bu fikirləri yazıçı, Beynəlxalq Andersen Şərəf Diplomçusu Qəşəm İsabəyli deyib.
Yazıçı qeyd edib ki, prosesin ikinci dalğasını gözləmək lazım deyil. Karantin rejiminin yumşaldılmasından sui-istifadə etsək, koronavirusun ikinci dalğası qaçılmaz olacaq. Hansısa iş sahələrinə icazə verilibsə, mütləq qoruyucu tədbirlər – maska taxmaq, içəri girən insanların temperaturunu yoxlamaq və maskasız bir nəfəri də içəri buraxmamaq şərt kimi qoyulmalıdır. Yumşalma Çin üsulu ilə aparılmalıdır. İtaliya, ABŞ, İspaniya sərbəstliyi bizə lazım deyil. “Əhalinin cansağlığı vacibdir. Koronavirus Əzrail kimi bir həqiqətdir – üzgörənlik bilmir, yaşa baxmır, seçim etmir. Belə bir vəziyyətdə arxayınlıq göstərməyə heç birimizin haqqı yoxdur. Söhbət hər birimizin və bütövlükdə cəmiyyətin maraqlarından gedir. Ona görə indiki mərhələdə karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial təcrid tədbirlərinin hamısını həyata keçirməyə nail olmalıyıq”, - deyə Q.İsabəyli əlavə edib.