Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımları ilə izləyiciləri sevindirməkdə davam edir.
Mayın 5-də keçirilən canlı yayımın növbəti qonağı “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin sədri, şair, dramaturq Xədicə Murad olub. Qısa bir zaman kəsiyində öz ətrafında kifayət qədər geniş izləyici kütləsi toplayan “Sevilənlər sevənlər” rubrikasının qonağı Xədicə Murad ilk növbədə izləyicilərə özü haqda məlumat verib, fəaliyyəti və yaradıcılığından bəhs edib. Sonradan qonaq izləyicilərin suallarını cavablandırıb, onların arzu və istəklərini nəzərə alaraq öz şeirlərini, müəllifi olduğu bayatıları canlı yayımda səsləndirib. Bundan əlavə Xədicə xanım təsisçisi olduğu “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin yaranma tarixindən, birliyin məqsəd və vəzifələrindən, indiyə qədər qazandığı uğurlardan söhbət açıb. Canlı yayımda müasir gənclik, mütaliə maraqları və s. bu kimi mövzular ətrafında maraqlı söhbət aparılıb.
Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.