Mayın 10-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videokonfrans keçirib.
Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.
İrəvan Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirib. Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
İftixar Piriyev müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bədii obrazını ilk dəfə bütün çalarları və ağır sanbalı ilə İrəvan Teatrının səhnəsində yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar”, şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” və özünün müəllifi olduğu “Qurtuluş dastanı” əsərlərinin tamaşalarında ifa etməsindən danışaraq deyib: “2009-cu ildə oynanılan “Xilaskar” tamaşasında Heydər Əliyev obrazını Azərbaycan teatrında ilk dəfə olaraq ifa etmək böyük məsuliyyət tələb edən məsələ idi. Bu məsuliyyəti varlığımla dərk edərək Ulu Öndərin obrazının portret cizgilərindən daha çox onun zəngin daxili aləmini əks etdirməyə, bu obrazı istənilən səviyyədə təqdim etmək üçün sənətçidən tələb olunan bütün komponentlərdən yararlanmağa çalışırdım. Müxtəlif səhnələrdə 53 dəfə anşlaqla nümayiş olunan “Xilaskar” tamaşası həm Azərbaycanda, həm də Gürcüstan, Dağıstan və Türkiyədə böyük tamaşaçı sevgisi ilə qarşılandı. Gürcüstan qastrolu zamanı tamaşada sabiq prezident, dünya miqyaslı siyasətci Eduard Şevardnadze “Xilaskar” tamaşasını böyük rəğbətlə qarşıladı. 2013-cü ildə müəllifi olduğum, bütün həyatını xalqına, milli dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına həsr etmiş Heydər Əliyevin ömür yolundan, zəngin fəaliyyətindən bəhs edən, onun 90 illik yubileyi münasibətilə hazırlanmış “Qurtuluş dastanı” adlı pyesimdə yenidən Ulu Öndərin obrazı üzərində işə başlamaqdan fərəh hissi keçirirdim. 2014-cü ildə Hidayətin “Burdan min atlı keçdi” dramında isə Ulu Öndərin obrazı artıq daha geniş miqyasda – Heydər Əliyevçilik – Azərbaycançılıq ideyası ətrafında öz bədii mücəssəməsini tapmış oldu”.
Sonra konfransda şair-dramaturq İftixar Piriyevin Ulu Öndərin həyatından, ölkəmizin quruculuq və inkişafı istiqamətində gördüyü misilsiz işlərdən bəhs edən “Müstəqil Vətənin Memarı” poeması ilk dəfə virtual tamaşa-kompozisiya formatında ifa olunub.