Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası koronavirusa qarşı “Evdə qal və sağlam ol” çağırışına dəstək olaraq izləyicilər üçün növbəti videoçarx hazırlayıb.
Kitabxanadan bildirilib ki, “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanmış növbəti tur Şəmkir rayonunadır.
İzləyicilərə təqdim olunan videoçarxda Şəmkir rayonunun bir şəhər, yeddi qəsəbə, əlli səkkiz kənddən ibarət olduğu qeyd edilib və digər ümumi məlumatlar toplanıb. Xüsusi başlıqlarda bölgənin təbiəti rəngarəng fotolarla əks edilib.
Videoçarxda əsrarəngiz, gözəl təbiətə malik olan Şəmkirin bitki örtüyü ilə zəngin olan Dəryaçay, Suludərə, Sumaxlı, Yastı, Heydərqaçan, Şam meşələri, ucqar quruluşa malik Yasamal və Gəlavan dağları, XIX əsrə aid Alman və 1890-cu ilə aid Seyfəli kəhrizləri, bununla yanaşı Dəryaçay, Tatarlıçay, Zəyəm, Şəmkir, Cəhir və s. çayların, təbii surətdə yer səthindən çıxan şəffaf Qafqaz və Əsgər bulaqlarının fotoları verilib.
Münbit torpağında kök salmış palıd, cökə, vələs, çinar, qovaq, ardıc, şam, iydə, dağdağan kimi bir çox ağaclar, solmaz, lilpar, çobanyastığı, nərgiz, bənövşə, süsən, zanbaq kimi göz oxşayan güllər və yamyaşıl, şəfalı otların siyahısı ilə fotoları videoçarxda izləyicilərə təqdim olunub.
Videoçarxda bir çox heyvanların fotoları toplanıb, quşlar sırasında kəklik, qartal, qarğa, bülbül, ördək, ağacdələn, turac, şanapipik və b. siyahısı da qeyd edilib.
Milli sərvətimiz olan tarixi abidələrdən – qalalar, qədim yaşayış yerləri, qalaçalar, qədim tarixlə bağlılığı olan qəbiristanlıqlar, 1998-ci ildə inşa edilmiş Şəmkir, Əliyaqublu və Düyərli məscidləri, 2006-cı ilə aid Paşa məscidi ilə yanaşı digər məscidlər, həmçinin muzeylər, ziyarətgahlar da videoçarxda öz yerini tapıb.
Şəmkir torpağı Zaur Sarıyev, İsgəndər Aznaurov kimi Azərbaycan Milli Qəhrəmanlarının, Molla Vəli Vidadi, Əhməd Cavad, Taleh Həmid, Məzahir Hüseynzadə kimi şairlərin, Xalq artisti Leyla Bədirbəylinin, aşıq sənətinin ustalarının və digər sahələr üzrə şöhrət qazanmış görkəmli şəxsiyyətlərin məkanı olmuş, həmin şəxsiyyətlərin siyahısı da izləyicilərə təqdim edilib.
Videoçarxda, həmçinin Şəmkirin tarixən inkişaf etmiş sənətkarlıq sahələri – xalçaçılıq, ipəkçilik, üzümçülük, dülgərlik, dəmirçilik də qeyd edilib, mətbəxinə aid müxtəlif növ yeməklərin fotoları da verilib.
Müasir binalar və parkların, zavodlardan – Maşınqayırma zavodu, Daş karxanası, Çörək zavodu, Şərab zavodu, Quşçuluq fabrikinin fotoları ilə videoçarx yekunlaşıb.
Hazırlanmış videoçarx söz və musiqisi Maestro Ceyhuna aid olan Adil Karacanın ifa etdiyi “Şəmkirim mənim” mahnısı ilə müşayiət olunur.
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxlar “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və “YouTube” kanalında yerləşdirilib.
Silsilə şəklində hazırlanan videoçarxlar davam edir.