Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
#Evdəqal aksiyasına dəstək olaraq növbəti virtual tur: Xaçmaz rayonu
19.05.2020

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası karantin rejimində “Ölkəmizi tanıyaq” layihəsinin davamı olaraq “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində #Evdəqal aksiyasına dəstək olaraq virtual turlar təşkil edir.

Kitabxanadan bildirilib ki, layihədə Ucar, Xızı, Göyçay, Ağcabədi, Qax rayon və Şəki şəhər Mərkəzi kitabxanaları fəal iştirak edirlər.

Növbəti tur Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xaçmaz rayonunadır.

Videoçarx Xaçmaz rayonunun giriş fotosu ilə başlayır. Fotodan sonra rayonun yaranma tarixi, ərazisi, əhalisi və digər ümumi məlumatlar qeyd edilib.

Qeyd edilir ki, rayon ərazisinin 20 min 800 hektarı meşə örtüyü ilə zəngin təbiəti geniş təsvir edilib. Quba və Xaçmaz rayonlarının ərazisindən axaraq Xəzərə tökülən – Ağçay, Caqacuqçay, Qaraçay, Quruçay, Vəlvələ çayları, bununla yanaşı Quba, Qusar, Xaçmaz rayonlarının ərazilərindən axaraq Xəzərə tökülən Qusarçay, Azərbaycanın dördüncü böyük və şimal-şərq bölgəsində ən iri çayı olan Samur çayı, Sonalı, Güləlan, Qımıl kimi süni yaradılan göllər haqqında məlumatlar fotolarla izləyicilərə təqdim olunub.

Təqdim edilən videoçarxda bir-birindən müxtəlif quruluşa malik ağaclardan – akasiya, qarağac, qızıl ağac, vələ, dəndə, vələs, qovaq, dərman hazırlamaq üçün istifadə edilən bitkilərdən – qırxbuğum, baldırğan, pəl, pərəpötüyün, təbiətə xüsusi əlvan rəng qatan güllərin, iqliminə uyğun olaraq burada məskən salan heyvanların adları və fotoları da toplanıb.

Xaçmaz ərazisində altmış iki tarixi memarlıq abidəsi var. Videoçarxda bu abidələrdən Niyazabad limanı, Alban kilsəsi, XV əsrə aid Şıxlar kəndində yerləşən Şeyx Yusif məscidi və digər tarixi abidələr də verilib.

Xudat Heydər Əliyev Muzeyi, akademik Zərifə Əliyeva Muzeyi, Xaçmaz Hərbi-Döyüş Muzeyi, Xalqlar Dostluğu Muzeyi və bunlar kimi turistlərin diqqətini cəlb edən digər muzeylərin siyahısı ilə yanaşı, Xalça Muzeyində saxlanan qədim xalçaların fotoları da videoçarxda yer alır.

Xaçmaza məxsus ləzzətlərdən – əriştə aşı, maşplov, üç bacı dolması, quzu buğlaması, stəkan ağzı kimi yeməklərin fotolarını da videoçarxda izləmək mümkündür.

Xaçmaz rayonunda yetmişə yaxın istirahət mərkəzi yerləşir.

Videoçarxda yer alan musiqi Xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Xaçmazım” mahnısıdır.

Xaçmaz rayonunu əks etdirən videoçarx “YouTube”da yerləşdirilib.

Karantin rejimini daha da səmərəli keçirmək üçün hazırlanan videoçarxları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və “YouTube” kanalında da izləmək mümkündür.

Oxşar Xəbərlər

    ×