Azərbaycanda mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21°, gündüz 24-27° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Mayın 30-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.