Ölkə başçısının təşəbbüsü ilə reallaşan sistemli islahatlar peşəkarlıq amilini son dərəcədə aktuallaşdırıb. Fərqli xarakterli qlobal proseslər, elmi və tərəqqi inkişaf, sürətlə dəyişən ictimai münasibətlər, rəqəmsal cəmiyyətin tələbləri və bir sıra digər mühüm amillər bütün sferalarda olduğu kimi mədəniyyət sahəsində də çalışan əməkdaşlarda yeni peşə təfəkkür və səriştələrin formalaşması məsələsini aktuallaşdırır. Məhz əməkdaşların bilik və bacarıqları sayəsində fəaliyyətin səmərəliliyi təmin oluna bilər və konkret sahələrin perspektivliyi təmin ediləcəkdir. Humanitar sahələr sırasında ən həssas və ideoloji əhəmiyyət kəsb edən mədəniyyət sahəsində də transformasiya prosesləri qaçılmazdır.
Qeyd olunanları və qarşıda duran vəzifələri nəzərə alaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi öz fəaliyyətinin strateji planlaşdırılması və əməkdaşlar qarşısında daha dəqiq vəzifələrin müəyyən olunması məqsədilə “Açıq hesabatlar günləri”ni təşkil edir.
Dünyada müşahidə olunan pandemiya fəlakəti dövlətlərin davamlı inkişafında rəqəmsal texnologiyaların nə qədər vacib olduğunu bir daha qabarıq şəkildə ön plana çəkdi. Mövcud vəziyyətdə respublikanın mədəniyyət sahəsində də inkişafını daima təmin etmək, dayanıqlığı qorumaq üçün rəqəmsal texnologiyaların geniş tətbiqi və elektron xidmətlər sisteminin yenidən qurulması gələcəkdə də bu sahədə işlərin aparılmasına tələbat yaradır.
Belə ki, iyunun 3-dən başlanmış hesabatlar Zoom proqramı vasitəsilə ictimaiyyət üçün tam olaraq açıqdır. Karantin şəraitində görülmüş işlərin təhlili və perspektiv planların müzakirəsinə həsr olunmuş hesabatlarda mərkəzin şöbə və bölmə müdirlərinin məruzələri dinlənilir və geniş müzakirə olunur. Sosial izolyasiya dövrü ərzində distant-məsafədən həyata keçirilmiş tədris və təlimlər, habelə fərqli təyinatlı təqdimatların daha da təkmilləşdirilməsi və bu məqsədlə müxtəlif ixtisaslar üzrə mütəxəssislərin cəlb olunması müəssisənin qarşısında duran vəzifələrdəndir. Açıq hesabatlar çərçivəsində eyni zamanda, əməkdaşların elmi işlərinin müzakirəsi də təşkil olunur.
Belə ki, fəaliyyətin şəffaflığını təmin etmək və əməkdaşların işinin adekvat qiymətləndirilməsi, habelə perspektiv planların müəyyən olunmasına həsr olunmuş “Açıq hesabatlar”da müəssisənin əməkdaşları ilə yanaşı mütəxəssislər və sadəcə sahəyə maraq göstərən hər bir vətəndaş iştirak edə bilər. Düşünürük ki, Mərkəzin sözügedən təcrübəsi ölkə başçısının təşəbbüsü ilə reallaşan islahatların ruhuna uyğun olaraq, daha effektiv fəaliyyətin təşkil olunmasına xidmət edəcəkdir.